Lavrov Bakıya NİYƏ VƏ NƏYƏ GƏLİR? -Bütün diqqət Bakıyadır...

 14:42 02.12.2019     938

Lavrovun səfərinin Azərbaycanda gedən proseslərlə heç bir əlaqəsi yoxdur.

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın Redaktor.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfərinin ölkədə daxili proseslərdə aktivlik müşahidə edildiyi dövrlə eyni vaxta təsadüf etməsinin səbəblərinə aydınlıq gətirib.

Ekspert hesab edir ki, Azərbaycanda gedən islahatlar regionda marağı olan istənilən güc mərkəzində narahatlıq yaradıb:

“Səfər daha öncədən nəzərdə tutulsa da, detalları noyabrın 27-də, Moskvada  Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri- Xələf Xələfov və Yuri Rudenko ilə  məsləhətləşmələri  zamanı dəqiqləşdirilib. Səfər zamanı aparılacaq müzakirələr daha çox ikitərəfli münasibətlərin prioritet mövzuları, regional və beynəlxalq gündəmdəki aktual məsələlər və həmçinin ikitərəfli əlaqələrin daha sonrakı  inkşafının  müzakirəsi haqqında olacaq. İkitərəfli münasibətlərin müzakirəsi zamanı tərəflərin prioritet istiqamətləri və bu istiqamətlər üzərindən hər iki ölkənin xarici siyasət idarələrinin  2020-ci il üçün məsləhətləşmə planının imzalanması nəzərdə tutulur. Müzakirə olunacaq regional müzakirələrdə tərəflər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.  Həmçinin Rusiya XİN rəhbəri Lavrovun Bakı səfərində, Elmar Məmmədyarov və  Zöhrab Mnatsakanyanın dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq görüşünün müzakirəsi mütləqdir”.

Ekspert bildirib ki, bu günə qədər  Cənubi Qafqazın siyasi, iqtisadi və enerji mərkəzi kimi Azərbaycan regionun digər iki ölkəsindən fərqli  olaraq, regiondakı güclər arasında balanslı siyasət yürüdüb:

“Ölkəmiz öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirib. İqtisadi və enerji  layihələrində Qərbin əsas tərəfdaşı olan Azərbaycan beynəlxalq siyasi  müstəvidə qonşuları olan Rusiya və İrana qarşı iqtisadi, siyasi və s. addımlarda iştirak etməyib, sanksiya kampaniyalarına dəstək verməyib. Əlbəttə, məntiqi olaraq Azərbaycanda gedən islahatların, regionda marağı olan istənilən ölkədə yeniləşən siyasi sistemin yürüdəcəyi siyasətin, daha öncədən yürüdülən güclərarası balansa mümkün təsiri haqqında narahatlıq yaradıb. Bu narahatlıq Rusiyada da var”.

Y. Hacıyeva konkret olaraq Rusiyanın Azərbaycanda gedən dəyişikliklərə münasibətinin necə olmasına da aydınlıq gətirib:

“Azərbaycan Rusiyanın maraq dairəsinə aid olan, qitələrarası qovşaq, tampon zona və keçid adlandırdığımız strateji coğrafi Cənubi Qafaqaz regionunun açar ölkəsidir. Rusiya Cənubi Qafqaz  regionuna nəzarət etmək istəyən digər qüvvələrdən fərqli olaraq, bu regionda həm də nüfuz və təsirə malikdir. Cənubi Qafqaz regionuna nəzarət arzusu  istənilən güc mərkəzinə Asiya, Avropa və Yaxın Şərq arasında balansı qorumaq üçün vacibdir. Cənubi Qafqazın ən strateji ölkəsi olan Azərbaycanda gedən siyasi-iqtisadi və sistem dəyişikliyi regionda istisadi, siyasi və təhlükəsizlik marağı olan bütün qlobal güclərin diqqət mərkəzindədir. Rusiyanın da həmçinin”.

Ekspert qeyd edib ki, hazırda qlobal yanaşmada iki dövlət arasında əlaqələrdə narahatedici fikir ayrılığı mövcud deyil:

“Ancaq şübhəsiz ki, müzakirə ediləsi məsələlər də yox deyil. Bu mövzular ətrafında da müzakirələr gözlənilir. Qlobal mövzuların müzakirəsi zamanı  tərəflər, ABŞ-ın Rusiya və İran münasibətləri fonunda  Yaxın Şərq, Mərkəzi Asiya regionunda  təhlükəsizlik, sabitlik, rifahın gücləndirilməsində mümkün aktivlər, xüsusi ilə Yaxın Şərqin siyasi və iqtisadi modernləşməsi istiqamətində Azərbaycanın söz sahibi olduğu İslam Əməkdaşlıq Təşkilatının bu proseslərə cəlb olunmasında imkan və iştirakının müzakirəsi və s. kimi mövzular müzakirə olunacaq”.

Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün  (02.12.2019) iki günlük rəsmi səfərlə Bakıya gələcək.

Firuzə Vahid / REDAKTOR.AZ