Lavrov İrəvanda dediklərini Bakıda korrektə etdi - O, niyə Paşinyanın ADINI ÇƏKMƏDİ?

 15:50 03.12.2019     565

Lavrov İrəvanda dediyini Bakıda korrektə etdi.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfərinin səbəblərinə aydınlıq gətirib.

Təhlildə bildirilib ki, qarşı duran ölkələrdən birinə səfər edib, o birisinə səfər etməmək Lavrovun açıq-aşkar tərəflərdən birinə üstünlük verməsi mənasına gəlirdi:

“Lavrov bir müddət əvvəl İrəvana səfər etmişdi. Ona görə də Rusiyanın xarici işlər naziri münaqişə tərəflərindən hər birinə sözdə də olsa, eyni məsafədə olduğunu göstərməliydi. Lavrov İrəvanda iki gün qalmışdısa, Bakıya da gəlib iki gün qaldı. Lavrovun Bakıya gəlişinin başqa bir məqsədi, iki ölkənin Xarici İşlər Nazirliklərinin 2020-ci il üçün fəaliyyət proqramını təsdiq etmək idi. Lavrov eynisini Ermənistanda təsdiq etmişdi”.

Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Bakıda nə deyəcəyi əsas maraq doğuran məsələ idi:

“Lavrov səfərinin ilk günü dövlət başçısı İlham Əliyevlə görüşdü. Bu görüşdə İlham Əliyev Lavrova Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində dediyi təxribatçı “Qarabağ Ermənistandır” açıqlamasını xatırlatdı. İlham Əliyev onu da xatırlatdı ki, Paşinyanın bu təxribatçı açıqlamasını Lavrov da tənqid etmişdi. Doğrudur, Lavrov tənqidində Paşinyanın adını çəkməmişdi, ancaq xatırlatmışdı ki, düşünülməmiş açıqlamalar danışıqlar prosesinə zərər vura bilər. Rusiyalı nazir təxminən eyni sözləri İlham Əliyevə də dedi. Lavrov yenə Paşinyanın adını çəkmədən bildirdi ki, düşünülməmiş açıqlamalardan çəkinmək lazımdır. Yəni bu, yalnız Paşinyanın ünvanına göndərilən tənqid deyildi. Rusiyanın baş diplomatı tənqidində hər iki tərəfi nəzərdə tuturdu. Lavrov həmişə olduğu kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması barədə heç nə demədi. Ümumiyyətlə, Lavrov bu haqda heç vaxt heç nə deməyib. Çünki, o, bunu desə, ermənilərin də xeyrinə nəsə deməli olacaq. Ona görə də Lavrov düşünür ki, tərəflərin nə xeyrinə, nə zərərinə fikir söyləsin. Halbuki, Lavrov İrəvandakı mətbuat konfransında açıq demişdi ki, münaqişəni Dağlıq Qarabağın maraqları nəzərə alınmadan həll etmək mümkün olmayacaq”.

Təhlildə qeyd edilib ki, Lavrovun bu fikri Bakıda səsləndirməyəcəyi məlum idi:

“Əksinə, Lavrov İrəvandakı açıqlamasını Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında korrektə etdi.

“Belə ki, Lavrov istənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisinin verməli olduğunu bildirdi. O, “bütün əhali” dedikdə Dağlıq Qarabağda yaşayan azərbaycanlıları da nəzərdə tutub. Sadəcə, yenə də açıq deməkdən çəkinib ki, münaqişənin həllində Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların da rəyi nəzərə alınmalıdır. Bütün hallarda, Lavrov İrəvanda dediyini Bakıda təkrarlamadı”.

Təhlildə bildirilib ki, Lavrov münaqişənin həlli prosesində jurnalistlərin qarşılıqlı səfərlərinə önəm verdiyini bir daha xatırlatdı:

“Əslində bu ideya elə Lavrova məxsusdur. Rusiyalı diplomat bu ilin aprel ayında xarici işlər nazirlərinin birgə görüşündə vətəndaş cəmiyyətləri arasında təmaslara başlamağı zəruri hesab etmişdi. Lavrov Bakıda xalqlar arasında münasibətlərin qurulmasının vacibliyinə də toxunub. Onun sözlərindən belə anlaşılır ki, bu təklifə həm İrəvan, həm də Bakı razıdır. Jurnalistlərin qarşılıqlı səfərləri və icmalararası təmaslar elə mövzular deyil ki, Bakı və İrəvan bunun əleyhinə çıxsınlar. Əksinə, Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icmasının təmsilçiləri ilə görüşlərə başlaması Azərbaycanın xeyrinədir. Bununla Ermənistana və beynəlxalq aləmə göstəririk ki, Dağlıq Qarabağda ermənilərlə yanaşı azərbaycanlar da yaşamalı və onların hüquqları təmin edilməlidir. Məsələ burasındadır ki, dialoqun əleyhinə olmasaq da, bu münaqşənin ədalətli həllini sürətləndirəcək əsas alət deyil. Buna baxmayaraq, Lavrovun münaşiqəylə bağlı səsləndirdiyi son cümlə də maraqlıdır: “Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var”. Lavrov həmin imkanların nədən ibarət olduğunu söyləmədi. Əslində bu fikirdə yeni heç nə yoxdur. Lavrov bu illərdə Bakıda və İrəvanda bu cümləni başqa formada dəfələrlə səsləndirib. Dəyişən heç nə yoxdur”.

Təhlildə vurğulanıb ki, Lavrov Bakıdakı görüşlərində başqa mövzulara da toxundu:

“O, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya uğurlu səfərindən tutmuş Rusiya universitetlərində artan azərbaycanlı tələbə sayına qədər mövzulardan danışdı. Lavrov onun sahəsinə az aidiyyatı olan iki ölkə arasında hərbi texniki əməkdaşlıqdan da danışdı. Rusiyalı nazir qeyd etdi ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var. Bu ideyaların nədən ibarət olacağını yaxın günlərdə biləcəyik. Yəqin Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni hərbi texnika almağa hazırlaşır”.

Firuzə Vahid / REDAKTOR.AZ