Lavrov və Məmmədyarovun Qarabağ BƏYANATLARI

 14:57 03.12.2019     275

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması  məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi brifinqdə belə deyib.  Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək. "Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.

Elmar Məmmədyarov isə bildirib ki,  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Bratislavadakı görüşündən Bakının əsas gözləntisi “irəliyə doğru tərpənişdir".

Onun dediyinə görə, Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsini qaldırmaq niyyətindədir.

Azərbaycan XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti bizi heç yerə aparmır.

"Bəli, təhlükəsizlik vacibdir. Amma bu, həm də Azərbaycan, onun Qarabağdakı əhalisi üçün vacibdir. Dağlıq Qarabağdan olan qaçqınlar normal həyatlarına qayıtmalıdırlar. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabatın hazırlanması ilə əlaqədar həmsədrlərə müraciət etdik. Bunun üçün ciddi predmet danışıqları olmalıdır. Düşünürəm ki, sabah bu yeni predmetlə danışıqları açacağıq", - E.Məmmədyarov deyib.//Virtualaz.org