Bratislavada bir neçə rayonun qaytarılması müzakirə edilə bilər - Hansı rayonlardan söhbət gedir?

 16:37 04.12.2019     583

Nikol Paşinyan bəzən Don Kixot kimi yel dəyirmanı ilə savaşmaq kimi hərəkətlər etməyi sevir.

Millət vəkili Sahib Alıyev Redaktor.az-a açıqlamasında Ermənistan- Azərbaycan münasibətlərindəki son proseslərə aydınlıq gətirib.

Millət vəkili hesab edir ki, hazırda aparılan danışıqların gündəmini Rusiya müəyyənləşdirir:

“Nikol Paşinyan populist  biridir. Məsələn, onun KTMT üzvü olan ölkələrin Azərbaycana silah satmasını tənqid etməsi və cavabını da alması olayını xatırlayın. Yəqin bu, təsadüf deyil. Nəzərə alsaq ki, Lavrovun Bakıya səfəri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bratislava danışıqları öncəsi baş tutur. Rusiya Dağlıq Qarabağ probleminin tam çözülməsində maraqlı görünməsə belə, bir neçə rayonun boşaldılması kimi bəzi irəliləyişlərin olmasını istəyir. Onda Paşinyanın Qarabağda peyda olmasını iki baxımdan qiymətləndirmək olar. Birincisi, bu demarşdır, ikincisi, o, gözlənilən dəyişikliklər haqda oradakı qanunsuz rejimin təmsilçilərini xəbərdar etmək üçün ora səfər edib. Mən birinci varianta üstünlük verirəm. Yəni bunu Paşinyanın demarşı kimi qiymətləndirirəm. Buna görə o, cavabını da aldı. Sergey Lavrov bəyan etdi ki, Dağlıq Qarabağın yekun statusu  ancaq və ancaq orada yaşamış hər iki icmanın səsiylə müəyyənləşməlidir.  Amma fikirmcə, o səfərə ən sərrast sözün hər anlamında snayper dəqiqliyilə cavabı Azərbaycan verdi. Paşinyan Qarabağda səfərdə olarkən işğalçı ordunun bir hərbiçisi zərəsizləşdirldi. Fikrimcə, Paşinyan Qarabağda oldu, ya olmadı, bu zərəsizləşdrimə əməliyyatı davamlı, həm də intensivcəsinə aparılmalı, fürsət düşən kimi də antiterror xarakterli əməliyyatla əvəzlənməlidir. Paşinyana  xalqını danışıqlara hazırlamaq üçün verilən vaxt limiti artıq birmək üzrədir. Hər hansı bir irəliləyiş olmadığı təqdirdə, Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Lavovun Bakıda, Paşinyanın Qarabağda olduğu gün işğalçı ordunun bir əsgərinin məhv edilməsi elə bu demək idi”.

S. Alıyev vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Bratislavadakı görüşdə diqqətçəkici hansısa bir razılaşma əldə edilməyəcək:

“Ola bilsin ki, humanitar xarakterli addımların atılması, məsələn, qarşılıqlı səfərlər haqda planlar bir az genişləndirilsin və dəqiqləşdirilsin. Hay girovluğundakı soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin buraxılması məsələsi o görüşdə heç şübhəsiz ki, yenidən qaldırılacaq  və  orada az öncə də vurğuladığım kimi bir neçə rayonun azad edilməsi yönündə də nələrsə danışılacaq. Amma razılıq əldə edilcəkmi, bununla bağlı mən heç də nikbin deyiləm”.

Millət vəkili Azərbaycanda seçkilərin, qondarma rejimdə keçirilməsi planlanan “seçki”nin Qarabağ məsələsini ikinci plana atıb-atmayacağına da aydınlıq gətirib:

“Birincisi, Azərbaycanda seçki fikrimcə, ilin  ilk aylarında fevral, yaxud da martda olacaq. Dağlıq Qarabağa gəldikdə oradakı rejim qanunsuz, region isə işğal altında olduğundan keçirdikləri seçki deyil və heç kim də ona seçki kimi yanaşmır. Eyni zamanda Dağlıq Qarabada gələn il yeni qanunsuz rejimin formalaşdırlması ilk növbədə Moskvayla rəsmi İrəvan arasında ziddiyətlərin daha da dərinləşməsinə aparıb çıxaracaq.  Xatırlayırsınızsa, Lavrov İrəvanda olarkən münaqişənin həllində Dağlıq Qarabağ “xalqı”nın də rəyinin nəzərə alınmalı olduğunu vurğulamışdı. Lavrovun bu sözləriylə  “Valday” forumunda  “Qarabağ Ermənistandır, nöqtə”,-deyən Nikol Paşinyanı tənqid etməsi arasında heç bir fərq yoxdur. Çünki Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ “xalqı” deyəndə, heç də rəsmi İrəvanın formalaşdırdığı qanunsuz rejimi deyil, Köçəryandan Saakyana kimi başında öz adamlarının dayandığı rejimi nəzrədə tutur”.

S. Alıyev gələn il münaqişənin həllinin mümkün olub-olmadığına da münasibət bildirib:

“Hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərini və ardınca baş tutacaq digər səfərləri də təşkil edən Rusiyadır. Və yenə təkrar edirəm ki,  Rusiya ilkin mərhələdə ən azından bir neçə  rayonun boşaldılması zərurətini də dərk edir və bunu Ermənistan rəhbərliyinə də çatdırıb. Ümid edirəm ki, regionda Moskvanın arzulamadığı vəziyyətin baş verməməsi üçün bu daha təkidli xarakter alacaq. Hər halda Azərbaycan-Rusiya əlaqələrinin bugünkü vəziyyəti və Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada o cür yüksək səviyyədə qarşılanması faktı da müəyyən nikbinliklər yaradır. Xatırladım ki, Fransa məhkəmələri ayrı-ayrı şəhərlərinin hayların satın aldıqları merləriylə Dağlıq Qarabadakı qanunsuz rejim arasında bağlanmış “anaşmaları” məhz hörmətli Mehriban xanımın bu ilin martında o ölkəyə səfərindən sonra bir-bir ləğv etməyə başladılar”.

Firuzə Vahid / REDAKTOR.AZ