“Ermənistan “hamının hamıya” prinsipi əsasında Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir" - Nazir AÇIQLADI

 18:54 05.12.2019     413

“Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır”.

XİN-dən Redaktor.az-a verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında deyib.

Nazir qeyd edib ki, bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir: “Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı. Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir”.