Azərbaycanın bu ölkələrlə münasibəti DAHA KONKRET OLMALIDIR

 16:00 06.12.2019     1587

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində nəticə əldə etmək üçün fürsətlər olub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Redaktor.az-a açıqlamasında Qarabağ ətrafında gedən son prosesləri qiymətləndirib.

A. Aslanlı hesab edir ki, Azərbaycan Ermənistana təsir imkanı olan dövlətlərlə münasibətləri daha konkret etməlidir:

“Müharibənin ilk mərhələsində həm daxili, həm də xarici amillər Ermənistanın lehinə idi. Belə ki, erməni tərəfi bizdən daha şüurlu, daha təşkilatlı və daha çox imkana (xüsusilə də hərbi imkana) malik idi. Münaqişə alovlanandan atəşkəsə qədər Ermənistanda hakimiyyət dəyişikliyi yaşanmadı. Bizdə isə daxili siyasi mübarizə əksər hallarda milli məsələlərdən öndə oldu. Həmin dönəmdə ölkəyə 3 prezident və 2 prezident səlahiyyətlərini icra edən parlament sədri rəhbərlik etdi. “Hakimiyyət dəyişmədikcə Qarabağı alan deyilik” deyənlərin səsi hər zaman daha çox eşidildi. Əlbəttə ki, hakimiyyət dəyişikliyi mənfi bir şey deyil. Amma milli maraqları dar maraqlara və hakimiyyət mübarizəsinə qurban vermək pis haldır. Yəni Ermənistan Azərbaycana ilk ərazi iddiası irəli sürdyü zamanlarda, müharibə hələ başlamamış iki dövlət arasında olan problemi həll etmək daha asan olardı, nəinki indi. Ermənistan və Azərbaycan arasında münaqişə ilk başlayan günlərdə bu münaqişəni alovlandırmaq üçün kənar təsirlərin fəaliyyəti daha çox nəzərə çarpırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində nəticə əldə etmək üçün fürsətlər olub. Münaqişə irimiqyaslı müharibəyə çevrilmədən öncə iki dövlət üçün də bu cür fürsət yaranmışdı. Məsələn, 1991-ci ildə Nazarbayevlə Yeltsinin regiona səfərləri çərçivəsində bunu etmək olardı. Sentyabr ayında münaqişənin həlli ilə bağlı onların təşəbbüsü daha real təsir bağışlayırdı. Amma Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində 20 noyabrda Qarakənd faciəsinin baş verməsi prosesi bağladı. Proses açıq müharibəyə çevrildikdən sonra isə, artıq münaqişənin həlli imkanları bir qədər azaldı”.

A. Aslanlı bildirib ki, müharibənin ilk dövrlərində Ermənistana beynəlxalq dəstək bizdən qat-qat artıq idi:

“Digər proseslərdə öz aralarında kəskin rəqabət aparan ABŞ, Fransa, Rusiya və İran kimi dövlətlər müxtəlif aspektlərdən və müxtəlif dərəcələrdə də olsa eyni tərəfi müdafiə edirdilər. Hətta ərazilərimizin işğala məruz qaldığı dövrdə və Azərbaycan Qərbyönümlü siyasət apardığı bir zamanda ABŞ Konqresi ölkəmizə yardımı qadağan edən 907-cü düzəlişi qəbul etmişdi. Erməni lobbisi ilə rəqabət bir yana, heç müqayisə belə edilməsi mümkün olmayan diasporumuz var idi”.

A.Aslanlı vurğulayıb ki, Azərbaycan keçən mərhələdə bunların bir qismiylə bağlı (xüsusilə də milli şüur, hərbi güc və diaspor baxımından) ciddi dönüş yarada bilib:

“Beynəlxalq şəraitdə də dönüş yaranıb, amma bu dönüş nəticəyaradıcı səviyyədə deyil. Münaqişənin həlli daha çox Rusiyanın Cənubi Qafqazla bağlı maraq dəyərləndirməsindən ya da imkanlarının dəyişməsindən asılıdır. Ümumiyyətlə, beynəlxalq praktika göstərir ki, münaqişəyə qarışan dövlətlərin sayı artdıqca münaqişənin həlli imkanları azalır. Çünki münaqişəyə müdaxilə edən dövlətlərin regionla və münaqişə ilə bağlı müxtəlif maraqları olur. Onlar öz maraqlarını reallaşdırmaq üçün münaqişədən təsir vasitəsi kimi istifadə edirlər. Münaqişənin təsir vasitəsi rolunu oynamağa başlaması dünya və region üçün risk təşkil edir. Amma müəyyən dövlətlər üçün bu münaqişə sadəcə təsir vasitəsidir. Bu funksiya risk funksiyasından önə keçəndə, münaqişənin həlli böyük dövlətlər tərəfindən uzadılır. Hazırda böyük dövlətlər Qarabağ münaqişəsi ilə bağlı prosesi uzatmaqla, problemin həllinə mane olurlar”.

Firuzə Vahid / REDAKTOR.AZ