Danışıqlar prosesi TÜKƏNİB: Müharibəyə doğru daha bir addım ATILDI

 10:53 07.12.2019     6168

Qarabağın nizamlanması prosesində növbəti keyfiyyət dəyişikliyi baş verib.

Hərbi icmalçı Nazim Bayramov Redaktor.az-a açıqlamasında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündən sonra Qarabağ ətrafında gedən proseslərə münasibət bildirib.

N. Bayramov hesab edir ki, danışıqlar prosesi tükənib, çoxdan “görüşlər” formatına çevirilib:

“Bratislava XİN görüşü ərəfəsində Azərbaycanın ATƏT Nümayəndəliyi və daha sonra xarici işlər naziri E. Məmmədyarovun çıxışında nizamlanma çərçivəsini və yollarını Azərbaycanın necə  anladığı açıqlanıb. Azərbaycanın mövqeyində bəzi vurğulardan aydın olur ki, Azərbaycan indiyə kimi hazır olduğu kompromisləri və illərdi kağız üzərində qalmış prinsipləri “sıfırlayır” və erməniləri “göylərdən yerə qaytarır”. Qarabağın statusu haqında, "Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcəkdir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir.”  Göründüyü kimi, təkliflər arasında “ən geniş muxtariyat”, “referendum”  yoxdur”.

N. Bayramov vurğulayıb ki, artıq açıqlamalarda, “Madrid prinsipləri” də xatırlanmır:

“Vaxtilə istefa verərkən, daha doğrusu Robert Köçəryan-Serj Sarkisyan cütlüyü tərəfindən “yola salınarkən”, Ermənistan prezidenti Levon Ter-Petrosyan istefasının səbəbləri və Ermənistanın gələcəyi haqqında geniş məktubunda demişdi, “Ermənilər! Biz indi bizə verilənə razı olmasaq (söhbət Azərbaycanın DQ-a təklif etdiyi ən geniş muxtariyatdan gedirdi), sonra, tarixdə dəfələrlə olduğu kimi, bunu da ala bilməyəcəyik”. Levon Ter-Petrosyan bununla Ermənistanın strateji məğlub olacağını deyirdi. 1998-ci il idi. O deyirdi, Azərbaycan getdikcə güclənir, çoxalır, iqtisadiyatı böyüyür və indi verilənə razılaşmasaq, sabah güclü Azərbaycan bizə bunu da verməyəcək. Paşinyan Levon Ter-Petrosyanın siyasi tələbələrindən və vaxtilə yaxın tərəfdarı, təbliğatçısı kimi tanınır. Ona görə nəzəri ehtimal var idi ki, o, reytinqinin zenitində münaqişənin həllində konstruktiv addımlar ata bilərdi. İndi isə Paşinyanın “madrid prinsipləri ilə tanış olmaq üçün” aldığı vaxt  bitib”.

N. Bayramov bildirib ki, Paşinyan tarixdə əsl demokratik və sülhpərvər lider kimi qalmaq fürsətini dəyərləndirmədi:

“ABŞ-ın Ermənistandakı səfiri R. Mils səlahiyətlərini başa çatdırıb, gedərkən, Paşinyanın xalq arasında yüksək dəstəyini Qarabağ probleminin həllində kompromislərə nail olmasında istifadə edəcəyinə ümidini bildirmişdi. Erməni inqilabçısının reytinqi 90%-dən il yarıma 33%-ə düşüb. Hakimiyətdə qalmaq üçün bəs edər, ancaq Qarabağ məsələsində cəsarətli addım üçün azdır, hakimiyyəti üçün risklidir. Xüsusən nəzərə alsaq ki, onun “Qarabağı satacağı” barədə daim “qabaqlayıcı” şaiyələr yayılır və opponentləri bundan istifadə edir, Paşinyandan humanitar sahədə tədbirlərdən başqa ciddi nəsə gözləməyə dəyməz. İkinci məqam, E. Məmmədyarov “təmas xətti” deyil, “cəbhə xətti” ifadəsini işlədir və cəbhə xəttində nisbi sakitliyin münaqişənin həllində irəliləyiş yaratmadığı ilə bu iki amili əlaqələndirir.  Eyni zamanda, Ermənistanın öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT ölkələri arasında hamıdan çox pul xərclədiyinə və “son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinə” diqqəti çəkərək, davam edən işğalın “münaqişənin həllinə maneə və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalmasını” vurğulayır”.

N. Bayramovun sözlərinə görə, artıq razılaşmalar yalnız növbəti görüşlərin keçirilməsi barədədir:

“Ermənistan beynəlxalq hüququ və həmsədrlər institutunu aşkar iqnor edir. Həmsədrlərin ikili standartları və yalnız “müharibə qoxusu” gələndə mövsümi fəallaşmaları isə məlumdur. Beynəlxalq hüququn və ədalətin yox, gücün haqqı hökm sürdüyü müasir dünyada Azərbaycan öz əsas hüququnu yalnız sarsılmaz gücünə və qüdrətinə arxalanaraq ala bilər.  Bunu da edir, Ermənistana siyasi-diplomatik təzyiqi artırır. Yeni mərhələnin cəbhədə kəskinləşməyə dərhal gətirəcəyi, Azərbaycanda və Ermənistanda hazırda gedən daxili siyasi proseslərə görə gözlənilmir.  Lakin orta perspektivdə tərəflər sülhə deyil, müharibəyə doğru daha bir addım atmış oldular”.

Firuzə Vahid / REDAKTOR.AZ