Putindən qonşu ölkələrə TƏHDİD MESAJI - Növbəti dəfə...

 11:39 11.12.2019     595

Putinin MDB-ni yeni formatda qurması mümkün görünmür.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Belarusda Rusiyaya qarşı etiraz aksiyalarının regiondakı nəticələrinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Rusiya Belarus ittifaqının qurulması istiqamətində aparılan danışıqlar və yol xəritəsi Şərqi Avropada mənfi nəticələrə gətirəcək:

“Xüsusilə MDB məkanında Moskvanın aqressiv siyasətini artıracaq. Belarus prezidenti A.Lukaşenkonun ölkəsinin müstəqilliyini daima xüsusi vurğulamasına baxmayaraq Vladimir Putinlə ittifaq dövləti yaratmaq istiqamətində fəaliyyəti Belarusun müstəqilliyinin itirilməsinə, Rusiyanın tam nəzarətinə keçməsinə gətirə bilər. Bu da Baltikyanı ölkələr, həmçinin Polşa üçün ciddi təhlükəsizlik problemlərinə yol açar. Rusiya prezidenti Vladimir Putin iqtisadi təzyiqlər vasitəsilə çalışır ki, Belarusla iqtisadi ittifaqı rəsmiləşdirsin. Hələlik Lukaşenko Qərblə Rusiya arasında manevrlər edir və çalışır ki, Rusiyadan ciddi iqtisadi güzəştlər əldə etsin. Təbii ki, Moskvada iqtisadi güzəştlər əvəzinə Belarusdan siyasi güzəştlər qoparmağa çalışır”.

Politoloq vurğulayıb ki, Belarusda demokratiya sistemi qurulmayınca bu ölkə MDB məkanında Rusiyanın peyki olaraq digər ölkələr üçün siyasi təzyiq məkanı olacaq:

“Ötən həftə iki slavyan dövlətinin lideri Soçidə bir araya gələrək danışıqlar aparıb. Tərəflər ortaq məxrəcə gəlməsə də Moskvanın Minsk üzərində ciddi siyasi-iqtisadi təzyiqləri artmaqdadır. Görünür, Putin MDB nəzarəti ələ keçirmək üçün ilk növbədə Belarusun Rusiyaya birləşdirməsinə çalışır”.

Politoloq qeyd edib ki, Belarus Rusiyanın orbitində olduğu müddətcə MDB üçün müəyyən təhlükəli siyasət davam edəcək:

“Məhz Rusiya Ukrayna və Belarus vasitəsilə SSR-ni qurub, eyni tendensiyanı Putin yeni dünya nizamında cəhd etməyə çalışır. Ukraynanı Qərb Rusiyadan qoparsada təhlükəli proseslər qalmaqdadır. Rusiya bu gün Belarus vasitəsilə Avropaya, Gürcüstan üzərindən Qafqaza təsir imkanlarını əldən verməmək üçün ciddi şəkildə Qərblə geosiyasi toqquşmadadır. Təəssüf ki, Gürcüstan hakimiyyətinin Moskva ilə yaxınlaşmaq siyasəti bu prosesləri sürətləndirir. Putinin MDB-ni yeni formatda qurması üçün apardığı siyasət qonşu ölkələrin təhlükəsizliyini təhdid etməsinə gətirir. NATO və ABŞ Rusiyanın bu eksposionist siyasətinin qarşısını alacaq, növbəti dəfə qlobal məkanda Rusiyanın yeni siyasətlə ortaya çıxmasına imkan verməyəcək”.

Firuzə Vahid / REDAKTOR.AZ