"İmzaların yoxlanılmasına özüm və səlahiyyətli nümayəndəm dəvət olunmayıb" - Gülər Əhmədova

 00:46 20.01.2020     1128

16 saylı Yasamal 2-ci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

Redaktor.az xəbər verir ki, Gülər Əhmədova bir neçə gün əvvəl namizədliyinin qeydə alınması üçün tələb olunan imzaları Dairə Seçki Komissiyasına təqdim etsə də, lakin ona Dairə Seçki Komissiyasından hər hansı bir məlumat verilmirdi.

Media və MSK-ya müraciətindən bir gün sonra Gülər Əhmədovaya rəsmi cavab verilib. Ona verilən rəsmi cavabda qeyd olunur ki, təqdim etdiyi imzalardan təxmini 160 imza şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

Gülər Əhmədova bildirib ki, bu proses ciddi qanun pozuntusu ilə həyata keçirilibdir:

“Artıq iki qanun pozuntusu var. Birincisi, prosedurun pozulmasıdır. Bütün namizədlər ayın 17 də qeydə alındıqdan bir sutka sonra DSK ona cavab verib. Bu da Seçki Məcəlləsinin 60.2 ci maddəsinin pozuntusudur. Bununla bağlı 18 yanvarda günorta saatlarında MSK-ya ərizə ilə müraciət etmişəm. Yalnız bundan sonra həmin gün axşam saatlarında DSK-dan zəng edib qərarın hazır olduğunu bildiriblər. İkinci pozuntu isə Seçki Məcəlləsinin kobud pozulması ilə həyata keçirilib. Seçki məcəlləsinin tələblərinə əsasən namizədin iştirakı vacib idi. Məcəllə deyir ki, DSK nın araşdırma zamanı üzə çıxardığı səhvlər namizəd tərəfindən düzəldilməsi mümkündürsə ona şərait yaradılmalıdır. İştirak təmin edilməyibsə bu necə mümkündür? İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb. Halbuki, qanunvericilikdə bu öz əksini tapıb. Bir neçə gün müraciətlərimə cavab verilməyib. Yalnız məsələ içtimailəşəndən sonra Dairə Seçki Komissiyası belə bir cavab təqdim edib”.

Gülər Əhmədova onu da bildirib ki, hazırda MSK-ya şikayət edib və hüquqi yolla həllinə çalışır.