MSK bu dairələrin nəticələrini ləğv etdi - RƏSMİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:
“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib, qanunvericiliyin tələbləri pozulub. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayılan məntqələrinin sayı 27-dir.
İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Həmçinin, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində də parlament seçkilərinin nəticələri ləğv edilib.
Araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.
İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.