MSK daha 4 məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb

 18:05 21.02.2020     1528

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 81 saylı  Beyləqan Seçki Dairəsindən qeydə alınan namizəd Anar Məmmədov və digərlərinin müraciətinə baxılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov məlumat verib. İ. Məmmədov bildirib ki, şikayətçilər səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı şikayətçinin təqdim etdiyi 5 protokoldan yalnız 31 saylı məntəqəyə aid olan protokolda uyğunsuzluqlar var. Bu səbəbdən həmin məntəqənin nəticələri ləğv edilməlidir”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, 1, 4 və 6 saylı məntəqədə də pozuntular baş verib, bu məntəqələrdə də səsvermənin nəticələri ləğv olunmalıdır.

MSK 81 saylı Beyləqan Seçki Dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib. //APA