Cəbhədə silahlar susmur - Aprel döyüşləri təkrarlana bilər?

 10:50 25.02.2020     3245

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, təxribatın baş verməsində bir neçə variantdan söz açmaq olar. Birinci növbədə məsələ Rusiyanın marağındadır:

"Çünki, Rusiya Münhen sövdələşməsindən narazı idi. Ola bilər ki, Münhendə hansısa irəliləyiş əldə olunub. Məlumdur ki, Rusiya erməni ordusuna böyük təsirə malikdir. Bu təsirlə cəbhədə vəziyyəti qarışdırmaq və əldə olunan hansısa razılaşmanı zərbə altında qoymaq mümkündür".

Əziz Əlibəyli qeyd edib ki, bunu Paşinyanın etmək ehtimalı daha yüksəkdir:

"Paşinyan hesab edə bilər ki, görüşdə müəyyən razılaşmaya imza atıb, lakin cəbhə xəttində vəziyyəti süni şəkildə gərginləşdirməklə, münasibətləri kölgə altında qoyur və məsələ həllini tapmamış olur. Nəzərə alaq ki, erməni cəmiyyəti Paşinyana olan münasibətdə parçalanıb. Cəbhə xəttindəki qarşıdurma ab-havasının artması narazıların da onun ətrafında birləşməsi anlamına gəlir. Paşinyan göstərmək istəyir ki, müharibə başlayacağı təqdirdə Ermənistan amili, Paşinyanın admintrasiyası olmasa, Dağlıq Qarabağ adminstrasiyası - yəni qondarma rejim köməksiz qala bilər və Azərbaycan tərəfi onların öhdəsindən çox asanlıqla gələr".

Aprel hadisələrinin təkrar olunub-olunmayacağına münasibət bildirən Əziz Əlibəyli belə bir qarşıdurmanın baş verəcəyi halda yaydan tez olmaycağını qeyd edib:

"Düşünürəm ki, Münhen görüşündəki müəyyən razılaşmaların arxa planı var. Biz onu bilmədiyimizə görə aprel hadisələrinin təkrar olunması ilə bağlı versiyanı istisna edirik. Bu da onunla bağlıdır ki, aprel dönəmində yetişmiş hərbi və siyasi şərait, indiki şəraitlə eyni deyil, hardasa gələcəyə yönəlik danışıqlarda müəyyən ümidlər var. Həm də müəyyən irəliləmələrdən söhbət gedir. Bu baxımdan aprel hadisələrinin təkrar olunması ehtimalı mümkün deyill".

Sevda Ulutau / Redaktor.az

2