Korona Avropanı parçalayır: AB dağılacaq?

 14:37 19.03.2020     1116

Bu gün İtaliya koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasındadır. Rəsmi Roma Avropa Birliyindən yardım tələb etsə də, müsbət cavab gəlməyib. Bu, bir daha onu göstərir ki, Avropa Birliyi düşünüldüyü kimi ideal bir təşkilat deyil.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov koronavirus pandemiyası səbəbilə İtaliyanın Avropa Birliyindən yardım istəməsinə müsbət cavab verilməməsini şərh edərkən deyib. O bildirib ki, koronavirus ölkələr arasında münasibətlərə də təsir edir:

“Düşünürəm ki, Avropa Birliyi uzun müddət mövcudluğunu saxlaya bilməyəcək. Hazırkı vəziyyət bir daha sübut etdi ki, Birlik üzv ölkələrə qarşı biganə qala bilir. Bu, onsuz da daxilində narazılıqlar olan təşkilatın yaxın gələcəkdə dağıla biləcəyini bir daha göstərir. Onu da qeyd edim ki, İtaliya AB-nin aparıcı ölkələrindəndir və bu quruma ciddi şəkildə maliyyə yardımları edir. Bu mənada deyə bilərəm ki, rəsmi Romanın tələb etdiyi yardımın verilməməsi İtaliya ilə AB arasında soyuqluq yarada bilər”.

Politoloq qeyd edib ki, Avropa Birliyinin İtaliyaya biganə yanaşmasının pərdəarxası məqamları var:

“İtaliyanın yardım tələbinə AB ölkələrinin əksinə olaraq, Çin müsbət cavab verib. 2019-cu ilin mart ayında Çin Xalq Respublikası ilə İtaliya arasında Roma şəhərində böyük bir saziş imzalanıb. Bu sazişin əsas mahiyyəti isə dənizlərdəki tranzit yollarının yenidən quruya keçməsi idi. Aydın məsələdir ki, Çin İpək Yolunu yenidən bərpa etmək istəyir və bu mənada İtaliya ilə əməkdaşlıqda maraqlıdır. İtaliya-Çin sazişi həmin vaxt, başda ABŞ olmaqla, bir çox ölkə tərəfindən narazılıqla qarşılandı. Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp Tvitter hesabından “İtaliya bizi kürəyimizdən vurdu” şəklində paylaşım etmişdi. Nəticə etibarilə bu gün İtaliya Avropa Birliyindən gözlədiyi dəstəyi ala bilmədi və bu, təşkilatın İngiltərədən sonra yeni bir üzvünü də itirməsinə yol aça bilər”. //Axar