Hazırda cəbhədə nə baş verir? - Növbəti aprel döyüşləri, yoxsa...

 19:28 24.03.2020     1556

Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır, epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə ciddi addımlar atır.  Epidemiya dünyadakı ən şiddətli qarşıdurmaları belə unutdurduğu bir dövrdə, Ermənistanın təxribat törətməsinə mane ola bilmir. Baxmayaraq ki, Ermənistanda da virusa yoluxmalar ciddi şəkildə artır.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib. Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.

Qlobal təhlükə bu kiçik dövləti qorxutmur, yoxsa onlar üçün təhlükə yaratmır?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"Ermənistanda vəziyyət gərgindir. Və onlar bu gərgin vəziyyətdən çıxış yolları axtarır. Hətta bir neçə ölkəyə maliyyə yardımı göstərməsi üçün müraciət də edilib. Virusla bağlı məsələdə vəziyyət ağırlaşa və ölkə bu vəziyyətdən çıxmaya bilər. Məsələnin digər tərəfi də, məhz pandemiya mühitindən erməni cəmiyyətinin fikrini yayındırmaqdır. Onlar düşünürlər ki, bununla erməni cəmiyyətinin diqqətini başqa səmtə yönəldə biləcəklər".

Hərbi-siyasi icmalçı qeyd edib ki, Ermənistan höküməti bu cür davam etsə, onları növbəti aprel məğlubiyyəti gözləyir:

"Ermənistan da bu problemdən çıxış yolları axtarıb tapmalıdır. Nəzərə almalıdır ki, dünyada ən böyük, ən iri hərbi əməliyyatlar belə dayanıb. Əgər onlar bu formada davam etsələr, yekunda onları aprel məğlubiyyəti gözləyir. Yeri gəlmişkən, aprel də yaxınlaşır. Belə çıxır ki, ermənilər hər aprel yaxınlaşdıqda yeni məğlubiyyətin acısını dadmağa “tələsirlər” ".

Sevda Ulutau / Redaktor.az