Paşinyan hakim qarşısına çıxarıla bilər - HÜQUQŞÜNAS RƏYİ

"Təəssüflər olsun ki, bəzi məmurlarımız, eyni zamanda tanınmış və yaxud da daha çox təltif olunmuş ziyalılarımız Rəsulzadə irsi ilə bağlı danışmağa çəkinir. Biz bu məsələlərə kifayət qədər kütləviliklə yanaşmırıq. Bir çox alimlərimizin araşdırmalarını ümumən KİV-də kifayət qədər geniş şəkildə paylaşıb, Azərbaycana, gənclərimizə tanıtmırıq. Söhbət təkcə Rəsulzadə şəxsiyyətindən getmir, Rəsulzadənin ideyalarından, onun daşıdığı ideologiyadan, məfkurədən gedir. Rəsulzadə məfkurəsini başa düşən, oxuyan adam heç bir şübhə olmadan bilir ki, o, heç vaxt Hitler Almaniyası ilə razılaşmaya getməzdi".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə. Rəsulzadə ilə bağlı söylədiyi ittihamlara münasibət bildirərkən Milli Hüquq Evinin direktoru hüquqşünas, “Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüskarlarından biri, “İctimai qrup”un üzvü Nicat Gözəlov deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin bununla bağlı çıxışı Paşinyanın bütün iddialarını darmadağın edir:
"Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub... Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Aşqabad, 11 oktyabr 2019-cu il"
"Bu çıxış erməniləri həqiqətən də çox ciddi narahat etmişdi. Bundan sonra onlar iftira kompaniyasına başlayıblar. Bu iftira isə məhz Rəsulzadə barəsində həyata keçirilməyə başlanıb. Lakin Paşinyanın mətbuat konfransında təqdim etdiyi materialların üstündəki portret belə həqiqəti əks etdirmir. Çünki 1940-45-ci illərdə Rəsulzadə o yaşda, o görkəmdə olmayıb, bunu sadəcə quraşırıblar. Yenə də iftira və növbəti qarayaxma... Biz Nijdenin barəsində olan doğru məlumatı, ancaq Azərbaycan daxilində tirajlamışıq, amma ermənilər Rəsulzadə ilə bağlı uydurduqları iftiranı bütün dünyaya böyük maliyyə sərf edərək yayırlar. Bizim fərqimiz bundadır. Ona görə ki, bu işə nəzarət etməli olan adamlar hələ də, başa düşmürlər ki, Azərbaycançılıq nə deməkdir? Çox ağrılı məsələdir".
Nicat Gözəlov məsələnin hüquqi tərəfi ilə bağlı bunları deyib:
"Azərbaycan hökuməti sadəcə siyasi mövqe bildirə bilər. Milli Məclis müzakirələr keçirib, bəyənat verə bilər. Bu məsələnin ictimai-siyas tərəfidir. Amma bu gün M. Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sağdır və o vərəsə olaraq, bu məsələ ilə bağlı hüuqi işlər aparmalıdır. Onunla görüşüb, bu məsələnin hüquqi tərəfini izah edəcəm. Əgər razılıq versə, Azərbaycanda hüquqşünaslar və vəkillər bu məsələyə çox sevinclə qoşula bilərlər".
Ermənistanın hökümət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu barədə səsləndirdiyi ittihamlarla bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyini öyrənməyə çalışsaq da, XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva çəkilişdə olduğundan, bu barədə məlumat əldə edə bilmədik:
"Çəkilişdəyəm, danışa bilmirəm. Siz xəbərinizi yayımlayın"
Sevda Ulutau / Redaktor.az