Politoloq: İranla maraqlarımıza zidd heç bir anlaşma yoxdur

"Azərbaycanın dövlət siyasətinin təməlində ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal altında olan ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpası prioritet vəzifə kimi dayanır. Qarabağ Azərbaycanın heç bir halda keçilməsinə imkan verilməyəcək “qırmızı xəttidir” və bu amil dövlətimiz tərəfindən bütün ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə əsas götürülür".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələnin ətrafında süni ajiotajın yaradılması haqqında danışarkən deyib. O bildirib ki, rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala biləcək istənilən məsələyə münasibətinin açıq və birmənalı olmasına baxmayaraq, təəssüf ki, bir çox hallarda bu təkzibolunmaz reallığa gözlərini yuman, əssasız, təsdiqlənməmiş məlumatlara əsaslanaraq, yaxud faktları məqsədyönlü şəkildə təhrif edərək, vətəndaşı olduğu dövlətin ünvanına ağır və absurd ittihamlar səsləndirən, onu “milli xəyanət”də gunahlandıranlar da tapılır:
“Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında böyük ajiotajın yaradılması da prosesin məqsədyönlü şəkildə körükləndiyindən və anti Azərbaycan mərkəzləri tərəfindən idarə olunduğundan xəbər verir.
Ortada Azərbaycanın mövqeyini əsaslandıran konkret faktlar olduğu və bu faktların əlçatanlığı təmin edidiyi halda, heç bir əsası olmayan, bir çox hallarda işğalçı Ermənistanın mövqeyini ifadə edən mənbələr əsas götürülür”.
Politoloq bildirib ki, məsələ ətrafında ajiotaj yaratmaq əvəzinə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin hüquqi bazasını təşkil edən sənədlərə müraciət etmək mümkün idi:
“Aydındır ki, bu adamlar 2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişə bilərəkdən istinad etmir, həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının xüsusi olaraq vurğulandığını dilə gətirmir, bununla da insanların vətənpərvərlik hisləri ilə oynamağa, onları dövlətə qarşı yönəltməyə çalışırlar. Özünü “ekspert” hesab edən bəziləri isə məsələnin mahiyyətindən məlumatlı olmadıqları halda, faktların bilərəkdən təhrif olunduğu açıqlamaları əsas götürməklə, öz “istedad və bacarıqlarını”, necə “vətənsevər” olduqlarını ictimai rəyə sırımağa çalışırlar”.