Belçika səfirindən Qarabağ AÇIQLAMASI

 14:39 21.05.2020     356

Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşüb.

Redaktor.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Kamal Cəfərov, üzvləri Elnur Allahverdiyev, Nigar Arpadarai və Məzahir Əfəndiyev iştirak ediblər.

K.Cəfərov səfirlə görüşün konstruktiv dialoqun başlanğıcı olmaqla, ənənəyə çevriləcəyini, Azərbaycan-Belçika parlamentlərarsı əlaqələrinə, bu əlaqələrin müsbət dinamikasına töhfə verəcəyini bildirib.

O qeyd edib ki, Milli Məclislə Belçika parlamentinin Senatı və Deputatlar Palatası ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

K.Cəfərov Belçikanın ölkəmizin Avropa regionunda ən önəmli tərəfdaşlarından biri olduğunu və bu ölkənin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dəstəklədiyini diqqətə çatdırıb.

K.Cəfərov Azərbaycanın xarici diplomatiyasının və beynəlxalq əlaqələrinin prioritet sahəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu vurğulayıb.

Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmasının vacibliyini bir daha səfirin diqqətinə çatdırıb.

Səfir B.Skufs İşçi qrupunun üzvlərinə minnətdarlığını bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığını, ali qanunverici orqanların potensialından tam istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Səfir, eyni zamanda Belçika Krallığının Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı dəstəklədiyini bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyev və Belçika kralı Əlahəzrət Filip arasındakı güclü dostluq münasibətlərinin mövcudluğu və bu əlaqələrin ölkələr arasında olan siyasi, iqtisadi əlaqələrə öz müsbət töhfəsini verdiyini qeyd edib.