MİLLƏT VƏKİLİ: Düşmənə sarsıdıcı zərbə endirməliyik

 16:33 21.05.2020     995

"Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bu gün Şuşada ermənilərin qondarma rejiminin başçısının "and içmə mərasimi" haqqında danışarkən deyib. O bildirib ki, bu hadisə bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir:

“Ermənistanın bu əməli işğal altında olan Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı bir həqarətdir. Həmçinin, bu, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir”.

Millət vəkili bəzi ictimai-siyasi fəalların sözügedən mərasimə cavab olaraq Şuşanın vurulması ilə bağlı olan tələbləri haqqında da danışıb:

İndiki məqamda atəşkəsi pozub, düşmənə hər hansı bir zərbə endirməklə, məsələnin həllinə nail olmamız mümkün deyil.

Biz ümumilikdə müharibə üzərində düşünməli, buna hazırlaşmalıyıq. Yəni, ciddi şəkildə müharibəyə hazırlaşıb, düşmənə həlledici zərbə endirməliyik. Amma əvvəlcə cəmiyyətin bütövlükdə bu prosesə qoşulması lazımdır. Hazırlıqsız şəkildə hücuma keçmək, kimisə fərdi qayda da cəzalandırmaq olmaz”.

Mahir Ələkbərov / Redaktor.az