FATMA YILDIRIM: Xalqımız Ali Baş Komandanın əmrini gözləyir

 21:05 21.05.2020     691

“Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qanunsuz “seçkilər” və “andiçmə” şousu beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Nikol Paşinyanın başçılığı ilə təşkil olunan bu "andiçmə" mərasimi bir daha Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoyur:

“Şuşada heç vaxt ermənilər yaşamayıb. Bu torpaq tarixən azərbaycanlıların yaşayış məskəni olub. Təcavüzkar Ermənistan Şuşanı namərdcə işğal etdikdən sonra mədəni irsimizi vandalizmə məruz qoyublar. İndi isə Paşinyan qondarma “andiçmə” şousunu Şuşada təşkil etməklə açıqdan-aşkar Azərbaycan xalqının səbrini daşırmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistanın bu kimi təxribatlarını pisləməli və son qoyulması üçün konkret addımlar atmalıdır. Azərbaycan xalqı hələ nə qədər belə qeyri-qanuni səhnələrin şahidi olmalıdır?!”.

Millət vəkili qeyd edib ki, belə təxribatları ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq normaları pozmaqla yanaşı, münaqişənin sülh yolu ilə həllinə də zərbə vurmaqdadır:

“Məlumdur ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində martın 31-də keçirilmiş qanunsuz seçkiləri heç bir dövlət və beynəlxalq təşkilat tanımadığı halda, Şuşada inaqurasiya şousunun keçirilməsi ancaq və ancaq təxribat xarakteri daşıyır.

Həmçinin, bu addımla Paşinyan hakimiyyəti dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyini heçə saydığını göstərir. Ona görə də, bu işğalçı ölkənin və onun rəhbərliyinin çirkin əməlləri durdurulmalıdır. Dünya birliyi, o cümlədən, işğalçı Ermənistan bilməlidir ki, münaqişə hələ bitməyib. Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və beynəlxalq hüquq da bunu təsbit edir. Sadəcə, dövlətimiz sülh prinsiplərinə sadiqliyini nümayiş etdirərək, münaqişənin həllində danışıqlar prosesinə üstünlük verir. Əgər vəziyyət belə davam edərsə və həmsədrlər Ermənistanın bu qanunsuz, təxribatçı əməllərinə göz yumarsa, danışıqlar prosesinin davam etməsinin heç bir əhəmiyyəti qalmayacaq. Azərbaycan ordusu öz gücünə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna heç kimin şübhəsi olmamalıdır. Aprel döyüşləri də bunun bir mənalı təsdiqidir. Xalqımız Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin əmrini gözləyir. Şübhə etmirəm ki, Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, çox qısa müddətdə torpaqlarımız işğalçılardan təmizlənəcək və o zaman saxta, qeyri-səmimi sülh çağırışları edənlərə ehtiyac qalmayacaq”,- deyə, deputat vurğulayıb

Mahir Ələkbərov / Redaktor.az