Səyavuş Novruzov islahatlardan danışdı: "Onlara qarşı amansız mübarizə... "

 13:19 22.05.2020     1569

Azərbaycanın sürətli inkişafını təmin edən amillərdən biri bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahatlar kursu yeni dövrün tələbləri nəzərə alınmaqla, dövlətin qarşısında duran başlıca vəzifələr əsas götürülməklə müvəffəqiyyətlə davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruz deyib.  O bildirib ki, islahatların sosial-iqtisadi, siyasi sahələrlə yanaşı, kadr və məhkəmə-hüquq sistemini də əhatə etməsi böyük əhəmiyyətə malikdir:

“Bu istiqamətdə atılan addımlar sözügedən sahədə şəffaflığın artırılmasına, bütün fəaliyyətin qanunçuluq prinsipinə riayət olunmaqla qurulmasına, qərar və hərəkətlərdə qanunun aliliyi, hüququn üstünlüyü kimi prinsiplərin əsas götürülməsinə xidmət edir. Məhz son dövrlər korrupsiya, rüşvətxorluq və bu kimi digər neqativ hallara qarşı aparılan qətiyyətli mübarizə də bu baxımdan xüsusi önəm daşıyır”.

S. Novruzov korrupsiyaya qarşı qətiyyətli mübarizə genişmiqyaslı islahatların tərkib hissəsi olduğunu bildirib:

“Əlbəttə, korrupsiyaya qarşı prinsipial mübarizə islahatların tərkib hissəsi kimi reformalara mühüm dəstəkdir. Son zamanlar ölkəmizdə bəhs olunan neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər ardıcıl xarakter alıb, korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb ki, bu da təqdirəlayiqdir. Bu dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində bir sıra rayonların icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin, digər bəzi qurumların, mərkəzi idarə və təşkilatların vəzifəli şəxslərinin qanunazidd əməllərinin ifşa olunması və onların həbs olunmaları bir məqamdan xəbər verir: korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə davamlı xarakter daşıyır”.

Millət vəkili dövlətin korrupsiyaya qarşı mübarizə tədbirləri cəmiyyət tərəfindən dəstəkləndiyini qeyd edib:

“Azərbaycan Prezidenti çox mühüm bir şəxsi nümunə ortaya qoyub. “Hər bir məmur xalqın xidmətçisidir”,-deyən cənab İlham Əliyev öz nümunəsində hər zaman xalqa xidmət örnəyi nümayiş etdirib. Dövlət başçısı vəzifəyə təyin etdiyi məmurlara tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onların haqqını qəsb etməsinlər. Prezident İlham Əliyevin sözügedən məsələyə yanaşması Onun bu fikirlərində aşkar surətdə öz əksini tapır: “Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə siyasəti birmənalı olaraq vətəndaşların haqlarının və dövlətin mənafeyinin qorunmasına xidmət edir. Təqdirəlayiq haldır ki, Azərbaycan ictimaiyyəti, ölkə vətəndaşları bu cür mənfi hallara qarşı mübarizə tədbirlərini olduqca yüksək qiymətləndirirlər. Yəni dövlətin korrupsiyaya qarşı mübarizəsi böyük ictimai dəstəklə qarşılanır. Bütövlükdə isə, Azərbaycan dövlətinin öz vətəndaşlarının yanında olmasını insanlar məmnunluqla qarşılayaraq öz razılıqlarını ifadə edirlər. Bütün bunlar isə vətəndaş-dövlət, xalq-iqtidar birliyinin bariz nümunəsini əks etdirir. Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapmış fikirlər də bu reallığın əyani ifadəsidir”.

Komitə sədri dağıdıcı müxalifətin xəyanət yolunu tutmuş cinayətkarlara və korrupsionerlərə haqq qazandırmasının səbəbləri haqqında da danışıb:

“Lakin illərdir ki, qərəzli xarici dairələrdən aldığı sifarişləri yerinə yetirən dağıdıcı müxalifət bu məsələ ilə əlaqədar olaraq vətəndaşların münasibətinə zidd mövqe tutur, xalqın və dövlətin mənafeyinə qarşı çağırışlar edir. Daha dəqiq desək, radikal düşərgədə toplaşmış antimilli ünsürlər konkret olaraq korrupsionerləri müdafiə edirlər. Onlar sosial şəbəkələrdə faktiki surətdə korrupsiyaya yol vermiş şəxslərin qanunazidd əməllərini müdafiə xarakterli məlumatlar, fikirlər yaymaqla antimilli simalarını nümayiş etdirirlər. Təbii ki, dağıdıcı düşərgənin bu cür mövqeyinin bir sıra səbəbləri var.

İlk növbədə, “beşinci kolon”un korrupsiyaya bulaşmış, vətəndaşların haqqını qəsb edən məmurları müdafiə etmələri onlardan pul qoparmaq məqsədinə xidmət edir. Yəni radikal düşərgədə cəmləşmiş antimilli ünsürlərin həmin rüşvətxor məmurlardan umacaqları var. Buna görə də dağıdıcılar pul qarşılığında onları müdafiə etməklə korrupsionerlərə dəstək göstərmək yolunu tutublar. Halbuki qanunazidd əməllərə yol vermiş vəzifəli şəxslərin hərəkətləri cəmiyyət tərəfindən qəti şəkildə qınanılır və ikrah hissi ilə qarşılanır. Deməli, adını “müxalifət” qoyan bu qruplaşma ictimai rəyi heçə sayaraq öz şəxsi mənafeləri əsasında hərəkət etməklə yanaşı, xəyanət yolunu tutmuş cinayətkarların müdafiəçisi rolunda çıxış edir.

İkinci səbəb “sapı özümüzdən olan balta”ların qərəzli xarici dairələr qarşısında götürdükləri öhdəliklərlə bağlıdır. Radikal müxalifətin anti-Azərbaycan dairələrə xidmət göstərməsi, onların sifarişlərini yerinə yetirməsi reallıqdır, bu, Azərbaycan cəmiyyətinə tam məlumdur. Dağıdıcı düşərgədə toplaşmış antimilli ünsürlər aldıqları tapşırıqlar əsasında Azərbaycanın müsbət imicini ləkələmək, islahatların, uğurlarımızın üzərinə kölgə salmaq məqsədilə korrupsiyaya qarşı mübarizəni fərqli formada təqdim etməyə çalışır. Bununla da həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Əlbəttə, Azərbaycan cəmiyyəti bəhs olunan radikal qruplaşmaya qətiyyən etibar və etimad göstərmir, onların bu cür cəhdlərinin iflasa düçar olmasına dəfələrlə şahidlik edib. Bu zamana qədər antimilli ünsürlər konkret cinayət əməlinə yol verən, hüquqi məsuliyyətə cəlb olunaraq qanun qarşısına çıxan şəxsləri “siyasi məhbus” kimi təqdim etməklə Azərbaycan dövləti haqqında mənfi rəy formalaşdırmaq istiqamətində səylər göstəriblər. Amma bütün bunlar uğursuzluqla nəticələnib. Bu gün müstəqil Azərbaycan bütün azadlıqların təmin olunduğu müasir və demokratik ölkə kimi tanınır.

Korrupsioner keçmişə sahib olan Əli Kərimli və onunla eyni düşərgədə yer alanların rüşvətxorları, vətəndaşların haqqını qəsb edənləri müdafiə etmələri təəccüblü deyil”.