Koronavirusdan daha dəhşətli virus yayıla bilər - Terrorçuların əlinə keçib?

 12:41 26.05.2020     1163

Avropa Şurasının (AŞ) Terrorizmlə Mübarizə Komitəsi koronavirus pandemiyasından sonra ekstremist qruplaşmalar tərəfindən bioloji silahların istifadəsi riskinin arta biləcəyini bildirib. Həmçinin, Komitə hazırkı situasiyada cəmiyyətin viruslar qarşısında zəifliyini, eləcə də virusların dəhşətli potensialını göstərdiyini qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli AŞ-ın Terrorizmlə Mübarizə Komitəsinin bu açıqlamasının real ola biləcəyini bildirib:

“Son hadisələr aydın göstərir ki, bakteroloji və bioloji silahları ələ keçirmək, onu yaymaq elə də çətin bir iş deyil. Əhali sayı çox olan ölkələrdə bu risq daha çoxdur. Həmçinin, belə öldürücü virusların adi heyvandan götürülərək hazırlandığını nəzərə alsaq, onda bu virusları terrorçular da rahatlıqla hazırlayıb yaya bilər. Dünənə qədər nüvə silahı, atom bombası və kimyəvi silahlar qorxulu hesab edilirdisə, indi bakteroloji silahlar daha qorxuludur. Bu silahların əldə edilməsi, yayılması çox vəsait tələb etmir. Düşünürəm ki, AŞ-ın Terrorizmlə Mübarizə Komitəsinin narahatlığı başa düşüləndir. Terror qruplaşmaları gələcəkdə belə bir virusdan istifadə etsə, bunun çox ağır nəticələri ola bilər”.

Politoloq bu məsələdə dövlətlərin həmrəy olmasının vacibliyindən bəhs edib:

“Bəzi problemlər var ki, heç bir ölkə onunla təkbaşına mübarizə apara bilməz. Necə ki, koronavirus Çində yarandı və bütün dünyanı cənginə aldı. Güclü, inkişaf etmiş, müassir ölkələr belə bu virusun qarşısında aciz qaldı. Bəli, demək ki, nə qədər güclü olsan da, təkbaşına hər şeyin öhdəsindən gəlmək olmaz. Bu, koronavirus sayəsində də bir daha aydın oldu. Bu baxımdan hesab edirəm ki, belə məsələlərdə bütün ölkələr həmrəy olub, birlikdə mübarizə aparmalıdırlar”.

Mahir Ələkbərov / Redaktor.az