Avropa İnsan Hüquqları Məhkəməsi qərəzli qərarı - ŞƏRH

 17:10 26.05.2020     805

 Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi "Ramil Səfərov işi" ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb.

Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini pozub. Həmçinin, qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Kənan Paşayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsində qeyd olunan etnik ayrı seçkiliyin qadağan olunması maddəsinə zidd olaraq, Azərbaycan xalqının elə həmin konvensiyanın 2-ci maddəsində qeyd olunan yaşamaq hüququnu pozan ədalətsiz qərar verib:

“Avropa İnsan Hüquqları Məhkəməsi bu qədər ədalətli qərar vermək hökmündədirsə, niyə 1 milyon məcburi köçkünün yaşamaq hüququnu təmin etmir? Niyə onlar məcburi köçkün statusu almış şəxs üçün Ermənistan Respublikasından təzminat tələb etmir?

Dağlıq Qarabağın və ətraf rayonların işğalında icraçı olan hər kəsin adı bəllidir. Bu şəxslər müxtəlif zamanlarda Ermənistanda yüksək vəzifələr tutublar. Niyə onların heç birindən azərbaycanlı məcburi köçkünlər üçün təzminat tələb edilməyib? Atəşkəs müqaviləsindən sonra erməni hərbçilər tərəfindən onlarla dinc insan öldürülüb. Avropa İnsan Hüquqları Məhkəməsi onların heç birini niyə görmür?

Hesab edirəm ki, Avropa məhkəməsinin bu qərarına qarşılıq olaraq, rəsmi Bakı 1 milyona yaxın məcburi köçkünün 28 illik yaşam xərclərinə görə Ermənistan Respublikasından, eləcə də işğalda icraçı olan şəxslərdən təzminat tələb edilməsi barədə Avropa Məhkəməsinə şikayət ünvanlamalıdır”.