Prezident FƏRMAN İMZALADI

 11:42 29.05.2020     1831

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 75-VIQD nömrəli Qanununun tətbiqi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Redaktor.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; 2018, № 12 (I kitab), maddə 2611; 2020, № 1, maddə 17; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bəndə “27.5-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “36.9-cu maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

3.2. 2.3-cü bənddə “1.3-cü (ikinci halda) və 50-1.4-cü maddələrində” sözləri “1.3-cü maddəsində (ikinci halda), 36.9-cu maddəsinin ikinci cümləsində və 50-1.4-cü maddəsində” sözləri ilə əvəz edilsin.

4. Müəyyən edilsin ki, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab edilir.