"ABŞ-ı bizə nümunə göstərənlər..." - Vitse-spiker Trampın qərarından yazdı

 00:30 31.05.2020     988

Amerika Birləşmiş Ştatları (ABŞ) hazırda müxtəlif problemlərlə üz-üzə qalıb. Bir tərəfdən koronavirusdan vəfat edənlərin sayı 100 mini keçib, ştatların birində polis tərəfindən qaradərili vətəndaşın öldürülməsi ciddi qarşıdurma yaradıb, digər tərəfdən isə sosial şəbəkələrlə bağlı müzakirələr qızışıb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev "Facebook" statusunda qeyd edib:

“ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Ağ Ev sahibinin fikrincə, sosial şəbəkələrin rəhbərləri istədikləri halda senzuradan istifadə edirlər. O, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib. Məsələ burasındadır ki, adı çəkilən sosial şəbəkə ABŞ Prezidentinin statuslarından birini paylaşmaqdan imtina edib. Sosial şəbəkə Trampın paylaşımının altında xəbərdaredici nişan yerləşdirib. Tramp da bunu sosial şəbəkə tərəfindən özünə qarşı senzura kimi qiymətləndirib".

Millət vəkili ABŞ-ın demokratiyanın beşiyi sayılmasına rəğmən, sosial şəbəkədə məhdudlaşdırıcı addım atdığını bildirib:

“Trampın sərəncamı hər yerdə müzakirə edilir. Əlbəttə, bu məsələ ABŞ məhkəməsinin predmetinə də çevrilə bilər. Ancaq hər halda hakimiyyətlə sosial şəbəkələr arasındakı qovğa göz qabağındadır. Bəzən ABŞ-ı bizə misal çəkənlər bu ölkədə faktiki senzuranın tətbiqini nəzərdən qaçırmamalıdırlar”.

Vitse-spiker sosial şəbəkələrdə təhqir və söyüşün yolverilməz olduğunu qeyd edib:

“Azərbaycanda internet azaddır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizdə internet istifadəçilərin sayı ilbəil artır, heç bir məhdudiyyət yoxdur, sosial şəbəkələrdə kim nə istəyir yaza bilir. Elə sonuncu məsələ son zamanlar cəmiyyətimizi ciddi narahat edir. Mən də məhudiyyətlərin əleyhinəyəm, sosial şəbəkələrdə ən sərt polemikanın tərəfdarıyam. Ancaq təhqir və söyüş yolverilməzdir. Necə ki, adi həyatda söyüş və təhqir qəbuledilməz sayılır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub, eləcə də sosial şəbəkələrdə bu cür halların qarşısını alınması barədə düşünməliyik. Elələri var ki, oturub xaricdə dayanmadan söyüş və təhqir yazırlar, insanları aşağılayırlar və düşünürlər ki, onlar buna görə məsuliyyətə cəlb olunmayacaqlar. Millət vəkili olaraq sosial şəbəkələrdə söyüş və təhqirin ortadan qaldırılması, bunu edənlərin isə məsuliyyətə cəlb olunmasına çalışacam. Hazırda sosial şəbəkələrdə söyüş və təhqir yazanları elliklə bloklamaq və onları şikayət etməklə qarşılarını ala bilərik”.