Vətəndaş müharibəsi, yoxsa siyasi oyun? - GÜNÜN ŞƏRHİ

 14:56 31.05.2020     738

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz dalğası genişlənməkdədir. Polis və vətəndaşlar arasında yaşanan qarşıdurmalar o həddə çatıb ki, ABŞ Müdafiə Nazirliyi aksiyalara müdaxilə etmək üçün orduya “hazır olmaq” əmri verib.

Bu hadisələrin pərdə arxasında hər hansı real məqamlar varmı? Baş verən hadisələrin gedişatı Amerikanı vətəndaş müharibəsinə sürükləyə bilərmi? 

Tanınmış politoloq Nəzakət Məmmədova Redaktor.az-a məsələni şərh edərkən bildirib ki, bu hadisə sadəcə adi kriminal hadisədir. Belə hadisələr zaman-zaman baş verir və burada heç bir siyasi çalar yoxdur:

"ABŞ-da baş verənlər adi kriminal hadisədir. Qaradərili şəxsin qanunu pozması barədə polisə siqnal daxil olub, şübhəli şəxsi saxlayan zaman polis yersiz güc tətbiq edib və vətəndaş ölüb. Burada siyasi çalar görmürəm. ABŞ böyük ölkədir, belə hadisələr tez-tez olur. Qaradərililər ABŞ vətəndaşlarının 13 faizini təşkil edir, kriminal statistikada isə polis zorakılığı nəticəsində ölən qaradərililər 26 faizdir".

Politoloq bildirib ki, qaradərililərin kriminal hadisələrin qurbanı olmasının əsas səbəbi onların qanunlara tez-tez tabe olmamasıdır:

"Açığını desək, qaradərili şəxslərin kriminal hadisələrin həm iştirakçısı, həm qurbanı olması onların qanunlara o qədər də tabe olmamağa meyilli olmasından irəli gəlir. Təbii ki, polisin məhz qaradərili vətəndaşlara qərəzli yanaşmasını iddia etmək üçün hər bir ölüm hadisəsi fərdi qaydada nəzərdən keçirilməlidir. Həmin şəxs silahlı olubmu, müqavimət göstəribmi və s. ABŞ-da ölüm hökmlərinin statistikasına baxarkən kifayət qədər ağdərili canilərin də bu cəzaya məhkum edildiyini görürük. ABŞ hüququn aliliyinin ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir və qaradərili şəxsi prezident belə seçmiş ölkədir. Təbii ki, bu hadisələrdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan daxili və xarici qüvvələr var. Koronavirus, qarşıdan prezident seçkilərinin gəlməsi bu dövrü xüsusilə həssas edir. Lakin bu prosesin vətəndaş müharibəsi və s. kimi müxtəlif məsələrə qədər gedib çatması inandırıcı deyil. Bu cür hallar hər zaman olub, olacaq da".

Sevda Ulutau / Redaktor.az