Fuad Muradov şəhid analarını təhqir edib? - "Üzr istəməyə ehtiyac yoxdur"

 13:10 02.06.2020     4108

“Yazdığım statusda heç bir təhqir yoxdur. Sadəcə yanlış anlaşılma var və məni sevməyən radikal qüvvələr bundan öz maraqları üçün əlehimə istifadə edirlər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Fədailər Hərəkatının (MFH) sədri Fuad Muradov bir neçə gün əvvəl şəhid ailələri ilə bağlı paylaşdığı status haqqında danışarkən deyib. O, şahid ailələrini təhqir etmədiyini bildirib:

“Mən siyasi fəaliyyətimə başlayanda şəhid ailələri və qazilərdən başladım. Onlara qarşı hər zaman xüsusi diqqət və hörmətim olub. Çünki onlar bizim başımızın tacıdır. Onları necə təhqir edə bilərəm? Mən sadəcə həmin statusu qazilik və şəhidlik arxasında gizlənən, bəzi siyasi oyunbazların maraqlarına xidmət edən şəxslərə aid etmişəm. Statustda işlətdiyim “artdırır” sözü də ara sözüdür, orada “nə gəzir” mənasında yazmışam”.

MFH-nın sədri bildirib ki, həmin statusda sərt tənqid ola bilər, amma təhqir hesab oluna bilməz:

“Fikirimin doğru olduğunu hesab edirəm. Mən hər zaman radikallar tərəfindən təzyiqə, təhqirə məruz qalıram. Buna baxmayaraq, mən hələ ən yüngülünü yazmışam. Amma bəzi radikallar şəhid ailələrinə məni söydürürlər. Olsun! Onların söyüşü mənim üçün alqışdır. Sadəcə fikirimin tam mənasını anlamadan bunu edirlər”

F.Muradov bu məsələ ilə bağlı üzr istəməyə ehtiyac olmadığını bildirib:

“Əvvəldə də dediyim kimi, mənim şəhid ailələrinə, qazilərə böyük hörmətim var. Mən də qazi ailəsində doğulmuşam. Bu halda necə onları təhqir edə bilərəm? Mən heç kimi təhqir etmədiyim halda, kimdən üzr istəyim? Radikal qruplardan? Yenə də deyirəm, fikirlərimdə hər hansı  “təhqir” varsa, o da sadəcə radikallara qoşulan, şəhidlik adını ucuzlaşdıran insanlara aiddir. Həmin radikal qruplaşmalardan kənarda nə qədər şəhid ailəsi varsa, hər birinə ən azı ailəm qədər hörmətim var”. 

Muradov qardaşının onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Qardaşım əks siyasi mövqeydə olan insanların yanında yer alıb. Onun fikirləri radikal düşüncəli insanlarla üst-üstə düşür. Görünür ona da müəyyən təzyiqlər var və o, bu təzyiqlərə tab gətirə bilməyib, onların qurbanına çevrilib. Amma hər şeyə baxmayaraq, o mənim böyük qardaşımdır və fikirlərinə hörmətlə yanaşıram”.

Qeyd edək ki, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun şəhid anları haqqında sərt fikirlər səsləndirməsi, insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Mahir Ələkbərov / Redaktor.az