Tarixi anlar yaşanır: Tramp sığınacaqda, ordu küçələrdədir... - ABŞ-da nə baş verir? / ŞƏRH

 11:29 03.06.2020     1129

ABŞ-da 46 yaşlı qaradərili Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra başlayan etirazlar artıq səkkiz gündür davam edir. ABŞ Prezident Donald Tramp etirazların qarşısını almaq üçün ordu hissələrini aksiya olan bölgələrə göndərməklə bağlı tapşırıqlar verib.

Hadisənin baş verdiyi Minneapolisdə polis və Milli Qvardiyanın müdaxiləsindən sonra sabitlik bərpa olunsa da, şəhərdə anım mərasimləri davam edir. Ancaq digər şəhərlərdə, o cümlədən Nyu-Yorkda və paytaxt Vaşinqtonda etirazlar hələ də səngiməyib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-da hadisələr getdikcə hökumətin nəzarətindən çıxır:

“Bu məsələ ciddi problemdir və ölkə rəhəbərliyini çox narahat edir. ABŞ-da irqi ayrı-seçkiliyin yenidən dirçəlməsi və ya bunun ayrı-ayrı təzahürlərinə rast gəlinməsi, ölkənin siyasi dayaqlarını ciddi şəkildə sarsıdır. Bu baxımdan ölkənin siyasi rəhbərliyi etirazların qarşısını almaq üçün hər vasitəyə əl atır. Lakin görünən odur ki, hökumətin bu addımları vətəndaşlarda daha çox qıcıq yaradır və aksiyaçıların sayını artırır”.

Politoloq ABŞ-dakı aksiyalara Rusiyanın dəstək verməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Ümumiyyətlə, Rusiya harada vəziyyət gərginləşirsə, ora müdaxilə etməyə, vəziyyəti öz xeyirinə dəyişməyə çalışır. Xüsusən də burada söhbət ABŞ-dan gedirsə, əlbəttə ki, Rusiya hadisələrdə öz maraqları çərçivəsində rol almağa çalışacaq. Bu iki ölkə uzun illərdir bir-biri ilə rəqibdir. Düzdür, Rusiyanın ABŞ-dakı aksiyalara müdaxilə etməsi ilə bağlı heç bir dəlil yoxdur, amma fikirimcə, Rusiya ABŞ-dakı aksiyaların daha da şiddətlənməsinin tərəffdarıdır. Bu baxımdan səslənən fikirlərin heç də boş olmadığı qənaətindəyəm”.  

Politoloq Çinin də bu məsələyə daxil ola biləcəyini vurğulayıb:

“Əslində Çin ABŞ-a qarşı Rusiyadan da təhlükəli bir siyasət aparır. Heç kəsə sirr deyil ki, ABŞ və Çin arasında bir neçə ildir ki, gərginlik yaşanır. Bu baxımdan düşünürəm ki, Çin də yaranmış vəziyyətdən ABŞ-a qarşı maksimum şəkildə istifadə etməyə çalışacaq”.

Q. Hüseynli ABŞ-dakı hadisələrin prezident seçkiləri öncəsi Trampın reytinqinə mənfi təsir etdiyini bildirib:

“Hazırda epidemiyaya görə işsizlərin sayı artdığı üçün Trampın reytinqi aşağı düşüb. Amma Tramp hazırkı hadisələrin qarşısını almaq üçün əlindəki bütün imkanlardan istifadə edəcək. Amma ABŞ-da baş verən bu kimi hadisələr prezidentin reytinqinə təsirsiz ötüşmür. Hazırki hadisələr ABŞ Prezidenti Donald Trampın reytinqinə çox ciddi zərbə vurur. Buna görə də hadisələrin qısa zamanda qarşısı alınmasa, həmçinin qətl hadisəsini törədənlər tapılıb cəzalandırılmasa, əlbəttə ki, Tramp  nüfuzunu itirəcək”.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.

Ötən həfət Ağ Evin qarşısınd baş verən hadisələr zamanı isə Donald Tramp və ailəsi sığınacağa aparılıb.

Mahir Ələkbərov / Redaktor.az