Azərbaycan və Serbiyanın XİN başçıları arasında telefon danışığı olub

 22:43 04.06.2020     674

Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronavirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər.

Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.

Tərəflər həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə ediblər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılması qeyd olunub.

Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.