Sevinc Fətəliyeva: Ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar

 21:14 06.06.2020     872

"Bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər mühüm yer tutur. O cümlədən, ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri həyata keçirir”. 

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Sevinc Fətəliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib:

"Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də, nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycanın uğurlu inkişafı və beynəlxalq miqyasda artan nüfuzu erməni lobbisini, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir. Ona görə də, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar".

Millət vəkili bildirib ki, anti-Azərbaycan mərkəzlər, erməni lobbisi bu məsələdə Avropa Şurasının da “imkanlarından” istifadə edir:

"Ötən dövr ərzində ölkəmizə qarşı Avropa Şurasının bəzi rəsmi şəxslərinin qərəzli bəyanatları, qurumun Parlament Assambleyasının qəbul etdiyi qeyri-obyektiv sənədlər də bunu təsdiqləyir. Eyni zamanda, bir müddət öncə işğalçı Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qanunsuz “seçkilərə” təşkilatın münasibət bildirməməsi də bir daha Avropa Şurasında ölkəmizə qarşı ikili standartların olduğunu göstərir. Məsələ ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən  Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir”. 

Millət vəkili bildirib ki, dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımayıb:

"Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. 

Amma Avropa Şurası tərəfindən bu “seçki şousuna” heç bir münasibət bildirilmədi. Cənab Prezidentin söylədiyi kimi, Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə, bu təşkilatda obyektivlikdən, ədalətdən söhbət gedə bilməz. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var.  Həmçinin, təşkilatın bır sıra ölkələrdə insan haqlarının pozulmasına, nümayişçilərə güc tətbiq edilməsinə, polis zorakılığına göz yumması onun ikili standartlarından xəbər verir. 

Belə bir halda, qurumun  Azərbaycan haqqında qəbul etdiyi qərəzli sənədlərin heç bir əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç kim dövlətimizlə diqtə dilində danışa bilməz!”, - deyə, S. Fətəliyeva bildirib.

Mahir Ələkbərov / Redaktor.az