Millət vəkili: Azərbaycan qətiyyətli addımlar atacaq - AÇIQLAMA

 16:17 12.06.2020     1862

“Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir ".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, bu mövqe beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk Qrupu üçün nümunə olmlıdır:

“Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçün isə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. Bu davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək, Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məslədir”.

Millət vəkili bildirib ki, Azərbaycan öz torpaqlarının uzun müddət işğal altında qalmasına əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq:

“Nəticəni proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki hamıya yaxşı məlum olan aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır. Əgər yeni nəqliyyat kommunikasıyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək, beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv edir. Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, mütləq bərba edəcək”.

Mahir Ələkbərov / Redaktor.az