“Araz”ın zərərli yarım ton naringisi məhv edildi

 00:06 03.12.2019     42

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində zərərli maddə aşkarlanan yarım ton naringi satışa çıxarılmadan məhv edilib.

Bu sözləri Axar.az-a bu gün "Araz” supermarketlər şəbəkəsinin tərkibində zərərli maddə olan naringini ölkəyə gətirməsi barədə AQTA-nın yaydığı məlumata cavab verən MMC-nin PR meneceri Büllurə Əmirova deyib. O bildirib ki, idxal olunan hər məhsul satışa çıxarılmazdan qabaq agentlik tərəfindən yoxlanılır:

“Məlumat üçün bildirim ki, Araz Supermarket MMC tərəfindən Türkiyədən tonlarla narıngi idxal olunur. İdxal məhsullarının hər partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülərək müvafiq laborator yoxlanışdan keçirilir. Yalnız agentliyin icazəsindən sonra məhsullar satışa çıxarılır. Qeyd edildiyi kimi, Türkiyədən idxal olunan narınginin 500 kiloqramında orqanizm üçün zərərli maddə aşkarlandığından satışa çıxarılmadan Araz Supermarket MMC-nin əməkdaşlarının da iştirakı ilə məhsul məhv edilib”.

Qeyd edək ki, AQTA həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı Araz Supermarket MMC tərəfindən Türkiyədən ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyinin müşahidə edildiyini açıqlayıb. Məhsul AQTA-nın müvafiq laboratoriyasına göndərilib və naringidən götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub. Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir.

Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi Araz Supermarket MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/426208.html