İranın Azərbaycan dəmiryolu ilə tranziti artıb

 08:52 16.09.2020     24

Cari İran ilinin 5 ayı (20 mart -21 avqust 2020) ərzində İranın qərb və şimal qərbində Azərbaycan dəmiryol idarəsinin nəzdində olan dəmiryolları ilə məhsul tranziti 130 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 74% artımdır.

Bunu İranın Azərbaycan Dəmiryol İdarəsinin baş direktoru Şapur Arslani deyib. Milli.Az bildirir ki, bu barədə Trend idarənin informasiya portalına istinadən məlumat verib.

Ş.Arslaninin sözlərinə görə, ötən ilin analoji dövründə bu dəmiryolu vasitəsi ilə 74,8 min ton məhsul tranzit edilmişdi.

Arslani əlavə edib ki, tranzit olunan məhsullar əsasən, sənaye və mədən məhsulları, ərzaq maddələri, konteyner, kimyəvi maddələr və sairə olub.

Arslani bildirib ki, bu il həmçinin bu dəmiryolu vasitəsi ilə 128 min ton məhsul ixrac məqsədilə daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 90% artıb.

İdarə rəsmisi qeyd edib ki, ötən ilin analoji dövründə ixrac məqsədilə 67,5 min ton məhsul bu dəmiryolu vasitəsi ilə daşınmışdı.

"İranın Azərbaycan dəmiryolu vasitəsi ilə məhsullar Türkiyəyə ixrac olunub. Əsasən kənd təsərrüfatı məhsulları, ərzaq maddələri, dəmir materiallar, neft-kimya və sənaye məhsulları ixrac olunan məhsullar olub" -deyə o qeyd edib.

Arslani deyib ki, qeyd olunan müddətdə İranın Azərbaycan dəmiryolu vasitəsi ilə 154 min ton məhsul idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 225% artım deməkdir.

Arslaninin sözlərinə görə, ötən ilin analoji dövründə bu dəmiryolu vasitəsi ilə 47,5 min ton məhsul idxal olunmuşdu.

"İdxal olunan məhsullar konteyner məhsulları, ərzaq maddələri, kimyəvi maddələr, kağız, elektrik əşyaları və dərman preparatları olub" -deyə o qeyd edib.

Arslani deyib ki, ümumilikdə İranın Azərbaycan dəmiryolu vasitəsi ilə 827 min ton məhsul daşınıb ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb.

İdarə rəsmisinin sözlərinə görə, ötən ilin analoji dövründə bu dəmiryolu vasitəsi ilə 624 min ton məhsul daşınmışdı.

Qeyd edək ki, İranın Azərbaycan dəmiryolu idarəsinin dəmiryolu xəttinin uzunluğu təxminən 600 kilometrdir. Bu dəmiryolu İranın Zəncan vilayətindən başlayır və Türkiyə ilə sərhəddə yerləşən Xoy rayonunun Razi stansiyasına qədər uzanır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/881621.html