Dəmir həsrəti çəkənlər...

 10:57 16.09.2020     23

Son günlər " kökəlmisən" və ya "arıqlamısan" ifadəsi ən çox işlənən kəlmələrdən olub. Karantin rejiminə görə uzun müddət bir-birini görə bilməyən tanışların rastlaşdıqları zaman işlətdikləri bu ifadələr idman zallarının aylardır bağlı olması ilə əlaqədardır.

Fitnes zallarının bağlı olması ilə yanaşı, uzun müddət insanların işsiz, evdə qalması da onların bədən formasının itməsinə gətirib çıxarıb. Bədən tipindən, maddi vəziyyətdən, stress dərəcəsindən asılı olaraq karantin müddətində bəziləri xeyli kökəlib, bəziləri isə arıqlayıb.

Aylardır davam edən məhdudiyyət rejimi insanların təkcə həyat tərzinə, planlarına, maddi durumuna, sevgi münasibətlərinə yox, həm də onların bədən quruluşuna, çəkisinə, sağlamlığına da mənfi təsir edib. Bu vaxta qədər həftədə azı üç dəfə idman zallarına gedən şəxslər artıq 8 aydır ki, "dəmir həsrəti" çəkirlər. Hətta Bakıdakı idman malları satılan mağazalarda 10 kilodan artıq çəkili qantellər də satılıb qurtarıb.

Karantin rejimi müəyyən qədər yumşaldılsa da, mart ayından idman zalları ilə bağlı qadağa qüvvədə qalır. Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudiyyətlərin tətbiq edildiyi ilk gündən idman zalları ilə bağlı qərarını dəyişməyib. İdman sahəsi ilə bağlı qərarda tək yumşalma açıq havada məşqlərin keçirilməsinə icazə verilməsi, futbol matçlarının təşkilidir.

Lakin açıq havada məşqlə idman zallarındakı məşq eyni effekti vermir. Əvvəla açıq havadakı idman alətləri tamamilə insanın öz çəkisiylə məşqi üçün nəzərdə tutulub ki, bu da, sadəcə olaraq, qan dövranının yaxşılaşmasına, formada qalmağa kömək edir. Amma idman zallarında hər bir əzələ qrupu üçün xüsusi alətlər var və istənilən çəki daşıyla bədənin həmin hissəsini çox asanlıqla "şişirtmək" və ya arıqlatmaq mümkündür. Bundan əlavə, insanlar fitnes zallarına aylıq pul verdikləri üçün tənbəllik etmədən müntəzəm formada idmanla məşğul olurlar.

İdman zalları təkcə Azərbaycanda yox, yüzlərlə ölkədə bağlı olaraq qalır. Buna səbəb kimi idman zallarında koronavirusa yoluxma riskinin yüksək olması göstərilir. Çünki idman zalları xeyli insanın bir alətdən istifadə etdiyi qapalı məkanlardandır. Belə məkanlarda məşq zamanı maskadan istifadə isə sağlamlığa ciddi şəkildə zərər verir. Hətta Çində iki yeniyetmə tibbi maskayla məşq edərkən ölüb. Ekspert, Hertfordşir Universitetinin İdman və sağlamlıq psixologiyası üzrə mühazirəçisi Lindsay Bottoms fikrincə, məşq zamanı tibbi maska taxmaq qəbul edilən oksigen miqdarına təsir etməsi səbəbindən bu, faciə ilə nəticələnə bilər.

Yoluxma sayını, dünyada koronavirusla bağlı vəziyyəti nəzərə alsaq, görünür, idman zalları hələ uzun müddət də bağlı qalacaq. Bu isə, ilk növbədə, insanların sağlamlığına, bədən formasına mənfi təsir edəcək, daha çox piylənməyə və ya əksinə zəifləməyə gətirib çıxaracaq. Bundan əlavə, şəhərdə məşq edərək hirsini dəmir parçasından çıxara bilməyən aqressiv insanlar çoxalacaq, bədənin yüngül bir xəstəliklə mübarizə üçün belə müqaviməti qalmayacaq. Buna görə də səbrli olub, ruhdan düşməmək, idmanı dayandırmamaq, əlimizdə olan alətlərlə məşq etmək lazımdır. Çünki 1, 2 kiloqramı əvəzləmək və ya atmaq asandır, amma daha çox çəkiylə mübarizə aparmaq heç də rahat deyil.

Bəxtiyar Umarlı
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/881628.html