ABŞ seçkisi: Bayden erməniləri aldadır, yoxsa...

 10:39 21.09.2020     35

ABŞ-da keçiriləcək seçkilərə ay yarım qalır. Prezidentlik uğrunda mübarizə əsasən iki namizəd arasında keçiriləcək: Respublikaçılar Partiyasından hazırkı Prezident Donald Tramp və Demokratlar Partiyasından keçmiş vitse-prezident Cozef Bayden.

Axar.az xəbər verir ki, hər iki partiyanın rəsmi namizədinin adının bir müddət öncə açıqlanmasına baxmayaraq, Trampla Bayden arasında gərgin mübarizə keçən ildən başlayıb.

ABŞ-ın supergüc, buradakı seçkilərin isə dünya nizamına təsir etdiyini nəzərə alsaq, seçkilərin azərbaycanlıların da ciddi marağını çəkməsi təbiidir.

Daha bir məqam isə Trampın Azərbaycana münasibətinin pozitiv olduğu halda Bayden haqda bu iddianı irəli sürməyin mümkünsüzlüyüdür. Nəzərə alsaq ki, hazırda Trampın səs faizi 43, Baydenin isə 51-dir, onda bu seçkilər və indiki reytinqdə favorit olan Baydenin personasına diqqət qaçılmaz olur. Beləliklə,

Qocaman senator Bayden kimdir?

Bayden ABŞ Senatının ən uzunömürlü üzvlərindən olub. 1973-cü ildə Delaver ştatından senator seçilən və adını ABŞ siyasi tarixinə gənc yaşda Senata üzv seçilən 6-cı şəxs kimi yazdıran Bayden 2009-cu ilə qədər senator olaraq çalışıb. Bayden həmçinin Senatın Beynəlxalq Münasibətlər Komitəsinə də rəhbərlik edib. Senatorluqdan Bayden 2009-cu ildə vitse-prezident seçildiyi üçün imtina edib.

Bayden Senatda olduğu müddətdə bir sıra təzadlı qərarları ilə yadda qalıb. Məsələn, 1991-ci ildə ABŞ-ın Fars körfəzindəki savaşına qarşı çıxan Bayden NATO-nun Şərqi Avropada genişlənməsi və ABŞ-ın Yuqoslaviya savaşına müdaxiləsini dəstəkləyib. Eyni formada 2002-ci ildə ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxan Bayden vitse-prezident olduqdan sonra Müəmmər Qəzzafinin devrilməsinin əsas ideoloqları sırasında yer alıb.

Vitse-prezidentlik dönəmində Bayden Ukraynadakı Maydan hərəkatının dəstəkçilərindən biri kimi tanınıb. 2019-cu ildə Baydenin oğlunun Maydan hərəkatından sonrakı dönəmdə Ukraynada bir sıra korrupsiya hallarında iştirak etməsinə dair iddialar ortaya çıxıb ki, bu da böyük qalmaqala səbəb olub və Tramp administrasiyası tərəfindən yetəri qədər Baydenə qarşı istifadə edilib.

Ermənilərin dostu

Bizim üçün ən maraqlı məqamlardan biri Baydenin ermənilər və Ermənistanla bağlı olduğu haqda məlumatlardır.

Bayden siyasi fəaliyyəti boyunca erməni lobbisi ilə sıx əlaqədə olub. Xüsusən bu əməkdaşlıq 80-ci illərin sonundan başlayıb. Belə ki, senator kimi fəaliyyət göstərdiyi müddət ərzində Bayden demək olar ki, erməniyönlü bütün qətnamə və qanun layihələrinin ya həmmüəllifi, ya da aktiv dəstəkçisi olub.

90-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra yaranan müstəqil ölkələrin Qərbə inteqrasiyasına açıq dəstək verən Bayden nədənsə yalnız Azərbaycanın bundan pay götürməməsini istəyən əsas şəxslərdən biri sayılır.

1992-ci ildə 6 avqustunda ABŞ Konqresi Azadlığa Dəstək Aktı qəbul edib. Bu akta əsasən, ABŞ SSRİ-dən ayrılan ölkələrdə iqtisadi artım və yeni iş yerlərinin yaradılması üçün dəstək verməli idi. Bu akta tezliklə, erməni lobbisinin Senatdakı təmsilçiləri tərəfindən 907-ci düzəliş təklif edilir. Düzəlişə görə, yalnız Azərbaycan bu aktın yaratdığı bütün imkanlardan kənarda qalır.

Bu düzəlişi erməni lobbisinin dəstəklədiyi konqresmen Ueyn Ouens Konqresə təqdim edib. Erməni lobbisinə bu işdə əsas yardımı senator Cozef Bayden və Con Kerri göstərib. Sonradan bu dəstəkçilərdən birincisi vitse-prezident, digəri isə Baydenin dönəmində ABŞ Dövlət katibi vəzifəsinə yüksəlib.

Baydenin ermənilərə dəstəyi bununla bitməyib. Belə ki, 1992-2008-ci illər arasında senator Bayden Ermənistan və qondarma Dağlıq Qarabağa ABŞ büdcəsindən maliyyə yardımlarının ayrılmasında ən qatı tərəfdarı kimi çıxış edib.

Erməni soyqırımı

Keçmiş vitse-spiker “erməni soyqırımı”nın təbliğatçıları sırasında da özünə yer edir. 2008-ci ilə qədərki dönəm ərzində Bayden demək olar ki, “erməni soyqırımı” ilə bağlı Senata təqdim edilən bütün qanun layihələrinə dəstək verib.

Məhz buna görə 2008-ci il prezident və Senat seçkisində Demokratlar Partiyasının, o cümlədən Baydenin qələbəsini ANCA xüsusi sevinc və fəxarətlə qeyd edib.

Baydenin bütün vədlərinə inanan ANCA hətta seçkidən əvvəl senator Kaliforniyada öz mükafatını belə təqdim edib. Seçkidən üç ay öncə - 27 avqustda mükafatın təqdimatı ilə əlaqədar yaydığı bəyanatda ANCA 1988-2008-ci illər arasında “erməni soyqırımı” ilə bağlı Senata təqdim edilən bütün qətnamələrin həmmüəllifinin Cozef Bayden olduğunu etiraf edib. Yayılan mətndə, həmçinin Baydenin “erməni soyqırımı” ilə bağlı etdiyi bir çıxışa xüsusi diqqət ayrılıb:

“Erməni soyqırımının ABŞ tərəfindən tanınması yekun hədəf deyil. Əsl hədəf Türkiyənin, türk hakimiyyətinin “erməni soyqırımı”nı tanımasıdır”.

Bayden “erməni soyqırımı”nın tanınması istiqamətində aktivliyini 2019-cu ildə yenidən bərpa edib. ABŞ-dakı prezident seçkisində iştirak edəcəyini açıqladıqdan az sonra Bayden Amerika Erməniləri Milli Komitəsinə (ANCA) məktub göndərərək, ABŞ-ın “erməni soyqırımı”nı tanıması gərəkdiyini söyləyib. Cari ildə isə özünün seçki kampaniyasını aktiv müstəviyə keçirən qoca siyasətçi daha iddialı çıxış edərək, prezident olacağı təqdirdə “erməni soyqırımı”nın tanınmasına açıq dəstək verəcəyini deyib.

Erməniləri aldatma?

2008-ci ildə vitse-prezident seçildikdən sonra Bayden digər ABŞ liderləri kimi ermənilərə verdiyi vədləri unudub. 8 il vitse-prezident olan şəxs bir dəfə də “erməni soyqırımı” sözünü dilə gətirərək, hansısa bəyanatla çıxış etməyib.

Bununla bağlı Bayden 2010-cu ildə qalmaqal da yaşamalı olub. Belə ki, tədbirlərdən birində çıxışı zamanı erməni əsilli gənclərdən biri Baydenə “erməni soyqırımı” ilə bağlı verdiyi vədləri yerinə yetirməməsinin onu çox narahat etdiyini bildirib. Bunun qarşılığında Bayden Ermənistan Prezidenti Serj Sərkisyanla bu barədə telefonla danışdığını və İrəvanın ondan Ermənistanla Türkiyə arasında danışıqlar getdiyi üçün bu məsələnin məcburi olaraq gündəmə gətirilməməsini istədiyini deyib. Baydenin açıqlamasının ardınca bəyanat yayan İrəvan tərəflər arasında 2010-cu ildə heç bir danışığın olmadığını bəyan edib. ABŞ səfirliyi isə tərəflər arasında danışıqların olduğunu vurğulayıb.

Görünən odur ki, ermənilərin səsini almaq üçün Bayden 2020-ci il seçkisinə yenə aktiv “erməni dostu” kimi gedir. Onun bu qədər oyundan sonra ermənilərdən səs alıb-almayacağı və ümumiyyətlə, bu səsin ona qalibiyyət gətirib-gətirməyəcəyi hələlik bəlli deyil. Bayden qələbə qazanacağı təqdirdə Azərbaycan və Türkiyəyə qarşı sərt mövqe tutacağı da mübahisəlidir.

Bilinən tək şey Baydenin antiazərbaycan və antitürk keçmişidir. Bu keçmiş isə hər zaman Bakı və Ankarada Baydenlə bağlı daimi şübhə yaradır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/500369.html