Qubada yanğınları törədənlər yeniyetmələr imiş...

 23:13 21.09.2020     53

Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf etmiş, peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/328527.html