Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

 08:59 22.09.2020     27

"Sony" şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam "Xperia 5 II" smartfonunu təqdim edib. Yenilik böyükölçülü smartfonları sevməyən, amma şəkil çəkməyi, musiqi dinləməyi, oyun oynamağı və tam ekranda video izləməyi sevənlər üçün uyğundur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Xperia 5 II" aparatı tərəflər nisbəti 21:9 olan, HDR texnologiyasını dəstəkləyən genişformatlı "CinemaWide" OLED displeyi ilə təchiz edilib. Displeyin yeniləmə tezliyi 120 hersdir.

Bundan başqa, sensor displeyin reaksiya tezliyi 240 hs-dək artırılıb. Bu o deməkdir ki, "Xperia 5 II"nin ekranı əvvəlki modelin displeyi ilə müqayisədə toxunuşlara 4 dəfə daha sürətli reaksiya verir.

Qabaqcıl "Snapdragon 865" platforması ilə işləyən qurğu 8 QB əməli yaddaşa malikdir. Fləş daşıyıcının tutumu 128 və ya 256 QB-dır. Avropada "Xperia 5 II" aparatı iki SİM kart və "5G" şəbəkələrini dəstəkləyən variantda təklif ediləcək.

"Sony" şirkətinin yeni smartfonunda arxa paneldə 3 ədəd 12 mp-lik "ZEISS" obyektivi yerləşdirilib: sensorunun ölçüsü 1/1,7 düym olan və şəklin optik sabitləşməsini dəstəkləyən əsas, fokus məsafəsi 16 mm olan genişbucaqlı, fokus məsafəsi 70 mm olan və 3 qat optik zuma malik teleobyektiv. Yan tərəfdə çaxmaq üçün ayrı bir düymə nəzərdə tutulub.

Həmçinin aparatda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor ("Dolby Atmos" və "360 Reality Audio" dəstəyi var) və təmassız ödənişlər üçün NFC çipi var.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/882432.html