Tonoyanın “yeni müharibə” tezisi... – Şərh

 16:50 23.09.2020     37

Ermənistanın ardıcıl təxribatlarının məqsədi danışıqları pozmaqla Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov qeyd edib. O vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini təmas xəttinə cəmləşdirməklə məşğuldur və açıq-aşkar müharibəyə hazırlaşır.

E.Nəsirov sözlərinə görə, əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq:

“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd ərazilərdə və təmas xəttində yeni-yeni təxribatlar törətməklə məşğuldur. İşğalçı Ermənistan bu ilin iyul ayında Tovuz istiqamətində törətdiyi təxribatın davamı olaraq yenə həmin ərazidə öz çirkin niyyətini həyata keçirmək, revanş götürmək istəyir. Düşmənin hərbi təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Silahlı Qüvvələri iyul ayında olduğu kimi, düşmən təxribatının qarşısını alacaq. Ermənistan ordusu Aprel döyüşlərində aldığı cavabın daha betərini görəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, düşmən müharibəyə hazırlaşır. Azərbaycanın əlində çox əsaslı kəşfiyyat məlumatları var. Təhlükəsizlik xidməti orqanları öz işlərinin öhdəsindən layiqincə gəlir”.

Millət vəkili qeyd edib ki, müharibənin qaçılmaz olması və onun məsuliyyəti birbaşa Ermənistanın və onun havadarlarının üzərinə düşür. Bu məsələdə beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupu da böyük məsuliyyət daşıyır:

“Ermənistan siyasi rəhbərliyi məntiqi olmayan bəyanatlar verməklə, populist çıxışlar etməklə ölkə əhalisinin başının altına yastıq qoyur, arxayınlıq yaradır. Düşmən Ermənistanın Müdafiə naziri David Tonoyan yeni ərazilər, yeni müharibə tezisini reallaşdırmaq niyyətindədir.

Aprel döyüşlərində erməni generalları işdən qovuldu və ardınca hakimiyyət dəyişikliyi baş verdi. Bizim güclü rəhbərimiz, ordumuz və xalqımız var. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Bu gün hər birimiz müsəlləh əsgər olmalıyıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birlik nümayiş etdirməlidir. Düşmən görsün ki, bizim dövlətimiz də, xalqımız da, ordumuz çox güclüdür”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/500990.html