BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir

 21:19 24.09.2020     26

BP tərəfindən yaradılmış kimya və mexanika mühəndisliyi laboratoriyalarını müasirləşdirməklə Bakı Mühəndislik Universitetinə öz dəstəklərini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu yeni layihəyə laboratoriyaların effektiv fəaliyyəti üçün tələb olunan kimyəvi maddələrin və yeni avadanlıqların alınması və quraşdırılması, habelə kimya mühəndisliyi üzrə vacib bir dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi və nəşri daxildir.

Layihə BP və tərəfdaşlarının ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq üçün həyata keçirdiyi daha geniş təhsil proqramlarının bir hissəsidir.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, yerli universitetlərlə sıx işləyərək onların öz səmərəliliyini artırmasına və tədrisin keyfiyyətinin təkmilləşdirilməsinə dəstək bizim təhsil proqramlarımızın əsasını təşkil edir: "Bəzi universitetlərlə bizim davamlı əməkdaşlığımız və əlaqələrimiz var. Biz Bakı Mühəndislik Universiteti yarandığı ilk günlərdən ona dəstək verməyə başlamışıq. bp müvafiq sahələrdə yerli mühəndislərin yetişdirilməsi üçün yaradılmış və hazırda fəaliyyət göstərən Kimya Mühəndisliyi və Mexanika Mühəndisliyi fakültələrinin təsis edilməsində mühüm rol oynayıb. Universitet tələbələrinin ölkədə dünya standartlarına uyğun təhsil almalarına imkan yaratmaq üçün bp Bakı Mühəndislik Universitetinə ümumilikdə 11 dünya səviyyəli laboratoriya bağışlayıb. Bu labaratoriyalar hazırda da fəaliyyət göstərir və biz onlardan dəyərli tədris və təlim mərkəzi kimi davamlı istifadə olunduğunu görməkdən məmnunuq. Yeni avadanlıqlar və kimyəvi materiallar təchiz etməklə bu laboratoriyaları müasirləşdirə bilməyimiz bizi daha da məmnun edir. Ümid edirik ki, bu dəstək kimya və mexanika mühəndisliyi ixtisasları üzrə universitetin yüksək keyfiyyətli təhsil vermə imkanlarına əlavə töhfə olacaq".

Layihənin ümumi dəyəri 220 000 manatdan çoxdur. Layihə "Lean Consulting LLC" tərəfindən icra olunur.

Qeyyd edək ki, ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial sərmayə layihələri həyata keçiriblər. Bu layihələr təhsil və potensialın inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2020-ci ilin birinci yarısında BP və BP-nin operatorluq etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 1,8 mln ABŞ dollarından artıq vəsait sərf edib. Bundan əlavə cari ilin birinci yarısında təkcə bp Azərbaycanda sponsorluq layihələrinə 0,9 mln ABŞ dolları vəsait xərcləyib.

Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 mln ABŞ dolları sərmayə qoyub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/883964.html