İlham Əliyevin erməni cəmiyyətinə ismarışı...

 22:27 24.09.2020     37

Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi ismarışdır. Bu ismarış hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu ismarış, eyni zamanda, gücümüzü, o cümlədən dövlət siyasətimizin müstəqillik dərəcəsini əks etdirir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasət elmləri doktoru, professor Qənirə Paşayeva “Ermənistan dövləti = “FAİL STATE” adlı geniş məqaləsində qeyd edib.

Q.Paşayeva bildirib ki, barış və diplomatik üsullara sadiq olan Azərbaycan öz hərbi gücünə yaxşı bələddir və müharibə ehtimalını inkar etmir:

“Dövlətimiz hərbi ritorikaya çağırmır – hərbi əməliyyatlar vasitəsi ilə işğal olunmuş ərazilərimizin məhz adekvat vasitələrlə qaytarılmasına hazır olduğunu bildirir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır” (İlham Əliyev).

Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil. Bu sözlər tarixi ədalətin bərpasına dair bir çağırışdır. Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” - fikri artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir”.

Professor Prezident İlham Əliyevin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” sözlərinə istinad edərək, bunu dövlətimizin qəti qələbəli müharibəyə hazır olmasının ifadəsi kimi qiymətləndirib:

“Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, müharibənin başlanması yalnız hökumətin deyil, eyni zamanda xalqın çağırış və istəyinin nəticəsidir. Bu yerdə vətəndaşlarımızın yaşından, cəmiyyətdə tutduğu mövqedən, digər amillərdən asılı olmadan, könüllü surətdə hərbi xidmətə getmək üçün hərbi komissarlıqlara kütləvi şəkildə axın etməsini yada salmaq istərdim. Bu sətirlərin müəllifinin Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda iyulda baş vermiş sərhəd toqquşması (daha dəqiq ifadə ilə desək, Ermənistanın növbəti avantüsit hücumu) zamanı vətənə bağlılıq yönündə yaşananlar yaxşı örnəklər təşkil etməkdədir. Dövlət müstəqilliyi tarıximizdə ilk dəfə, ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda, Ali Baş Komandanın ətrafında birləşməsi Bəyanatı ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təzahürüdür”.

Q.Paşayeva vurğulayıb ki, cənab Prezident elan olunmamış müharibə və torpaqlarımızın işğalında bütövlükdə erməni xalqını yox, məhz Ermənistan siyasi hakimiyyətini günahlandırır:

“Bu, beynəlxalq ictimaiyyətin nəzərə almalı olduğu prinsipial yanaşmadır. Azərbaycan Prezidentinin bu sözləri, eyni zamanda erməni cəmiyyətinə də ünvanlanmış ismarışdır: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır”.

Qeyd etməliyik ki, bizimlə güc dili ilə danışmaq cəhdi də, özünü qalib ədasında tutmaq da, yeri gəldikdə beynəlxalq ictimaiyyət qarşısında məzlumanə görkəm almaq da Ermənistan dövlət rəhbərliyinin dəyişməz “taktika”sıdır. Belə diametral dəyişkənliklə (mövqesizliklə), çətinə düşəndə sülhdən dəm vurmaqla, Azərbaycan dövlətinin Ermənistanla deyil, qondarma Dağlıq Qarabağ xunta rejimi ilə danışıqlar aparmalı olduğunu deməklə... qarşı tərəf həm həyasızlıq edir, həm də növbəti məntiqsizliyə imza atmış olur.

Prezidentin “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb – biz yox, Ermənistan” fikri “Azərbaycanı müharibəyə sövq edirlər” şəklində də oxuna bilər. Beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk Qrupu, sülhyaratma mandatlılar bu cür açıqlamalara dair qəti fikrə sahib olmalıdır”.

Q.Paşayeva bildirib ki, Azərbaycanın dövlət başçısının fikirləri artıq simulyasiyaların deyil, konkret və adekvat addımların zamanının çatdığını çox açıq şəkildə ifadə edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/501321.html