Daha bir sabiq məmur həbs edildi - 450 minə yaxın rüşvət ittihamı

 12:47 25.09.2020     35

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə Natiq Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitutunun Qazax fililalının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranmışdır.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında "Finca Azərbaycan" Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Natiq Məmmədovun vətəndaşın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7000 manat pul verməsinə təhrik edərək həmin şəxsdən 5000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilmiş, Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/crime/884159.html