General Motors elektrokarlar üçün hazırladığı mühərriki nümayiş etdirib - FOTO

 22:01 17.10.2020     66

General Motors konserni özünün yeni elektrik güc qurğusunun bəzi detallarını açıqlayıb. Yeni arxitektura şirkətin 2023-cü ilə qədər buraxmağı planlaşdırdığı gələcək modellərin əsasını təşkil edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Ultium Drive ailəsi, qarşılıqlı şəkildə əvəzlənə bilən beş moduldan və fərqli xüsusiyyətlərə malik olan üç mühərrikdən ibarətdir. Yeni platforma güc qurğusunun optimal gücünü, fırlanma anını və enerji səmərəliliyini seçməyə imkan verir. Modul sxem əsasında şirkət istənilən ötürmə növünə malik olan elektrik nəqliyyat vasitələrini istehsal edə biləcəkdir. Elektrik güc qurğusu 235-dən 1000 at qüvvəsinə qədər gücə malik olacaqdır.

Yeni platformanın əsasında GM həm iri ölçülü ofrouder və yük avtomobillərini, həm də yüksək sürətli elektromobillər istehsal edə biləcəkdir. Ultium Drive ailəsi ilə təchiz edəcək markalara Chevrolet, Cadillac, GMC və Buick daxildir. Modul platformanı alan ilk avtomobil GMC Hummer elektrik pikapı olacaqdır. Elektrik güc qurğusunun hasilatı 1000 at qüvvəsi təşkil edəcəkdir. Bundan əlavə, yeni platformanın üzərində Chevrolet Corvette modelinin elektrik versiyası da inşa edilə bilər.

Konsern nümayəndələrinin bildirdiyinə görə, Ultium Drive platforması daxili yanma mühərriklərindən daha həssas olacaq, güc və fırlanma anını daha dəqiq nəzarət etməyə imkan verəcəkdir. Konsern 2023-cü ilədək yeni modul arxitekturasına əsaslanan iyirmi elektrik modelini istehsal etməyi planlaşdırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/884347.html