Dövlət Xidməti rüşvət iddialarına cavab verdi

 23:55 17.10.2020     68

Oktyabrın 16-da “İnstagram” sosial şəbəkəsində paylaşılan şəkildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının rüşvət tələb etdiyi iddia olunur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları 16 oktyabr tarixində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev 57 ünvanında yerləşən ictimai iaşə obyektinin (“Xəzər” restoranı) ərazisinə baxış keçiriliblər.

Bu barədə Publika.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumatda qeyd edilib: “Monitorinq zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1 maddəsinin tələblərinin pozularaq, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağında tikinti-quraşdırma və betonlama işlərinin aparıldığı, sahilə sərbəst gediş-gəlişin məhdudlaşdırıldığı müəyyən edilib. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektinin icarəçisinin iştirakı ilə bu qanunsuzluğu təsdiq edən akt tərtib olunub. Müəyyən olunmuş faktlar əsasında qanunverciliyə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir.

Sonda bu cür “işbazlara” bir daha xatırlatmaq istərdik ki, qanun alidir. Ona əməl etmək isə hamının borcudur. Xüsusilə hazırkı həssas dövrdə...”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/emlak/331968.html