“BEC” hücumlarından illik ziyan 26 milyard dollara çatır

 21:50 20.10.2020     42

"Agari" şirkətinin kiberkəşfiyyat şöbəsinin informasiya təhlükəsizliyi mütəxəssisləri dünyada 9 mindən çox "BEC" hücum (business email compromise - işgüzar poçtun ələ keçirilməsi) faktını təhlil edərək son ildə onların sayının kəskin artdığını, sosial mühəndisliyin tətbiqi ilə fırıldaqçılığın isə Nigeriya hüdudlarından kənara çıxmasını açıqlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "BEC" hücumları şirkətlərə ildə 26 milyard dollar ziyan vurur. Tədqiqatçıların məlumatına görə, hazırda belə hücumlardan ziyan dünyada törədilən kibercinayətlər nəticəsində itkilərin 40 faizini təşkil edir. "BEC" hücumu çərçivəsində həyata keçirilən bank köçürməsi orta hesabla 80 min dollara bərabərdir.

İstənilən "BEC" hücumunun ən vacib aspekti pul vəsaitinin bir şəxs və təşkilatdan digərinə köçürülməsi üçün istifadə edilən şəxsin roludur. Bu adamlar bank hesabları açmaq və pulköçürmələri həyata keçirməklə fırıldaqçılar üçün müəyyən işlər görürlər. Ekspertlər tərəfindən 39 ölkədə belə şəxslər aşkarlanıb, lakin onların əksəriyyəti (80 faiz) ABŞ-da fəaliyyət göstərir.

Qeyd edək ki, "BEC" hücumları cinayətkarların təşkilatların bir və ya bir neçə əməkdaşını aldadaraq onlar tərəfindən nəzarət edilən bank hesablarına pul köçürməyə inandırmağa çalışdığı fırıldaqçı əməliyyatlardır. Bu növ hücumlar fırıldaqçıların əməkdaşlar tərəfindən inanılan insanları (məsələn, şirkətin etibarlı işgüzar tərəfdaşı və ya baş direktoru) seçməsi səbəbindən uğurlu hesab edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/890454.html