Yeni şanlı tarixin zirvəsi - Şuşa

 22:23 20.10.2020     224

Azərbaycan Ordusunun 27 sentyabr tarixindən başladığı haqq mübarizəsi, işğalda olan torpaqlarımızın azadlığı uğrunda müharibəsi yüksək səviyyədə və tam üstünlüklə davam edir. Ordumuz yeni tarix yazır. Bu günlərdə bütün xalqımızın qəlbinin döyündüyü tək məbəd Qarabağdır. Lakin həsrət içində xüsusi bir həsrətimiz də Qarabağın göz bəbəyi Şuşadır. O Şuşa ki, Azərbaycanın ən qədim tarixini özündə yaşadır, milli mədəniyyətimizin mərkəzi, poeziyamız, musiqimizin beşiyi hesab edilir. Bu qədim şəhər həm də Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən biri kimi özünün milli memarlıq üslubu ilə seçilir, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidələrinin mərkəzi, eyni zamanda ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətlərin diyarı, muğamımızın beşiyi sayılır. Tarixin tozlu səhifələrini vərəqlədikcə Şuşa haqqında daha çox fakt, daha çox gerçəklik özünü göstərir. Uzun illər bu şəhər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Elə Şuşa qalasının salınması da xanlığın dövründə -1750-1751-ci illər hesab edilir. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş,

Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırımışdı. Şəhərin Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar və s. olmaqla 17 məhəlləsi vardı. Xanlıq dövründə şəhərin ərazisi qısa müddət ərzində xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə əzəmətli görünüşə sahib olmuşdu. Şuşaya əbəs yerə mədəniyyət məbədi deyilmirdi, şəhərin özü boyda tarixi abidələri var. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, daş döşənmiş küçələr, 17 məhəllə bulaqları və məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. Qeyd edim ki, hələ XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar. Bundan əlavə, hər biri danışan sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", əsas ticarət mərkəzi olan "Rastabazar", möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililəri ilə şəhər onun qonağı olan hər kəsdə xüsusi maraq oyadır, daha dəqiq desək valeh edirdi. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov, Qurban Pirimov, Seyid Şuşinski, Fikrət Əmirov, Süleyman Ələskərov, Niyazi, kimi incəsənət xadimlərinin vətəni olmuş Şuşanı bu səbəbdən "Şərqin konservatoriyası" da adlandırırlar.

Təssüflər olsun ki, bu qədər özəlliyi ilə fərqlənən Şuşa tarix boyu bəlalardan da yan keçmədi. Müxtəlif dövrlərdə həmişə kimlərinsə göz dikdiyi məkana çevrilən alınmaz qala-şəhəri xisləti xarab ermənilərin xain planları ilə işğal olundu. Bu işğal barbarlığı, vəhşiliyi, nankorluğu da özü ilə bərabərində gətirdi. Qarabağın gözəllik simvolunun çöhrəsinə 8 may 1992-ci ildən etibarən qara buludlar çökdü. Şuşanın könüllüləri, yerli əhalisi hər şeyə rəğmən Ermənilərin, havadarları rus ordusunun artilleriyasının hücumlarının qarşısında mərdliklə vuruşurdu. Bütün çətinliklərə baxmayaraq, şəhərin ölkəmiz üçün strateji əhəmiyyətini nəzərə alan döyüşçülər əsil qəhrəmanlıq göstərərək alınmaz qala Şuşanı qorumağa çalışırdılar. Lakin Şuşa xəyanətin qurbanı oldu... Şəhərin işğalı mənəvi zərbə ilə yanaşı maddi ziyanı da bərabərində gətirdi. Belə ki, Qarabağın göz bəbəyinin işğalı nəticəsində 22 təhsil müəssisəsi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 muzey, şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı.

O qara günlərdən, qanlı tarixdən keçən 28 il ərzində hər zaman təkcə Şuşalıların ürəyində deyil, bütün Azərbaycanın qəlbində sönməz Şuşa yanğısı, başı qarlı dağların nisgili, Cıdır düzünün həsrəti var. Necə ki, Şuşa da öz sakinlərindən ayrı boynu bükük, xarı bülbülü solğun, səması qara buludlar içində qalıb. Lakin biz heç zaman vətənin parçası olan torpaqlarımızın işğaldan azad olunacağına olan inamımızı itirmədik. Çünki arxalanacağımız güclü ordumuz və bu inamı öz sözləri, gördüyü işləri ilə dəfələrlə təsdiq edən Prezident İlham Əliyev var. Dövlət başçısının qeyd etdiyi bir sitati xatırlatmaq istəyirəm: "Azərbaycanın işğal altında qalan torpaqlarını nə yolla olursa olsun azad etmək imkanları böyükdür". Tarixi gedişat göstərdi ki, bu sözlər adi sözlər deyildi və hər biri bu gün öz təsdiqini tapır. 2016-ci ilin Şanlı Aprel döyüşləri, ardınca 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşləri zamanı qüdrətli Azərbaycan ordusunun şücaəti göstərdi ki, igidlərimiz tərəfindən Lələtəpəyə sancılan bayrağımızın, gün gələcək Şuşada da dalğalanacaq! Artıq o günlər uzaqda deyil, biz Şuşaya da, Kəlbəcərə də, Laçına da çox yaxınıq. Torpağın hər qarışını vətən bilən oğullarımızın qəhrəmanlığı nəticəsində bu günlərdə Füzuliyə, Cəbrayıla, tarixi Xudafərin körpüsünə əzəmətli üçrəngli bayrağımız sancıldı.

Vətən torpaqları mənfur düşmən tapdağından təmizləndi. Azərbaycan ordusu yeni tarixini yazır, 1992-1993-cü illərdə yurd-yuvasından didərgin düşən vətən övladları bu gün həmin yerlərə qalib kimi daxil olur. Növbəti qələbə xəbərinin Şuşadan gələcəyini gözlədiyimiz zamanda cənab Prezident dediyi sitatla növbəti dəfə bütün Azərbaycan xalqının qürrələnməsinə səbəb oldu: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir.

Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". Bəli, Şuşasız bizim işimiz yarımçıq qalar və dünya şahiddir ki, türk oğlu işini yarıda qoymaz! İnşallah müzəffər ordumuzun Şuşaya daxil olduğu gün Azərbaycan xalqı üçün yeni şanlı tarixinin zirvəsi olacaq. Bu, 50 milyon azərbaycanlının istəyidir. Mən də bu tarixi anlara Azərbaycan Ordusunun şəninə və qalibiyyətinə həsr etdiyim şeirimlə dəstək verirəm. Bu hərbi marşla Şuşaya daxil olmaq nəsib olsun bizlərə. İnamlı addımlarına, zəfəri yaxınlaşdıran iradən var olsun, ordum! Artıq haqq günüdür, qisas vaxtıdır. Düşmənin başına kül ələnəcək. Qalxıb Azərbaycan ayaq üstədir. Bu gecə yer qopub, göy dillənəcək! Sən bizim fəxrimiz, həm qürurumuz. Zəfərin mübarək şanlı ordumuz!

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/891036.html