Düşmənin 5-ci dağatıcı alayının mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb

 09:17 21.10.2020     33

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/891064.html