Paşinyanın ÇİRKİN SİYASƏTİ ifşa edildi: yunan general erməniləri döyüşə hazırlayır və...

 18:03 25.10.2020     58

“15 yaşından kiçik uşaqları orduya çağırmaq, onları silahlı qüvvələrə cəlb etmək və ya münaqişələrdə fəal şəkildə istifadə etmək cinayətdir”.

Publika.az xəbər verir ki, bunu Giresun Universitetinin professoru Yalçın Sarıqaya deyib.

Professor bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqını Azərbaycana qarşı mübarizəyə səsləməsi mülki şəxslərdən qalxan kimi istifadə edilməsi anlamına gəlir: “Bu, Cenevrə Konvensiyasına görə müharibə cinayətidir. Ermənistanın hər yerində münaqişə üçün səfərbərlik işləri həyata keçirilir və bunu qürur mənbəyi kimi paylaşırlar. Azərbaycan isə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələri də daxil olmaqla bir çox beynəlxalq sənədlə təsdiqlənmiş bir istilaya qarşı öz ərazisində özünümüdafiə mübarizəsi aparır”.

Professorun sözlərinə görə, Paşinyan hökuməti müharibə dövründə də mülki insanları Qarabağda məskunlaşmağa istiqamətləndirir: “Bu, yolverilməz haldır. Müəyyən nöqtələrin, ərazilərin və ya hərbi qüvvələrin hərbi əməliyyatlar zamanı qorunması, ərazinin azad edilməsi üçün mülki və ya digər bir şəxsdən istifadə etmək Cenevrə Konvensiyasında cinayət sayılır. Xüsusilə, son 10 ildə mülki əhalinin Suriya və Livandan Azərbaycana aid olan ərazilərə köçürülməsi qanunsuzluqdur”.

Başkent Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Yelda Ongün isə Azərbaycanın diplomatik tarazlıqları və beynəlxalq hüququ nəzərə alaraq hərbi və siyasi gücünü artırdığını vurğulayıb: “Ermənistan rəhbərliyi ordusunun həm cəbhədəki uğursuzluqlarını, həm də işğalçılıq siyasətini Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edərək ört-basdır etməyə çalışır. Onlar mülki insanları hədəf alaraq hərbi cinayətlər törədirlər”.

O əlavə edib ki, Ermənistan Rusiya qoşunlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsi ilə bölgəyə gətirilməsi səylərini davam etdirir: “PKK ünsürləri Dağlıq Qarabağda yerləşdirilib. Komanda səviyyəsində Cənubi Kipr rəhbərliyindən dəstək alırlar və general-leytenant Apostolos Pervolorakis erməni qoşunlarını və PKK/YPG üzvlərini döyüşlərə hazırlayır. Eyni zamanda, ermənilər Türkiyəni münaqişəyə cəlb etmək istəyirlər. Paşinyanın erməni xalqını cəbhəyə dəvət etməsi onları qurban etmək, Azərbaycanı təcavüzkar kimi göstərmək və dünya ictimaiyyətinin rəyinin arxasında gizlənməyə çalışmaqdan başqa bir şey deyil. Ermənistan bölgədəki sülh və sabitliyin qarşısında bir daha ən böyük maneə olduğunu göstərdi”.

TOBB Universitetinin dosenti İsmayıl Safi Paşinyanın işğal altındakı Qarabağ və ətraf bölgələrlə quldurluqla kifayətlənməyərək Azərbaycan torpaqlarına hücum etdiyini söyləyib və Ermənistanın mülki yaşayış məntəqələrinə raketlərlə hücum etməsinin, günahsız insanları qətlə yetirməsinin cinayət olduğunu qeyd edib: “Paşinyan Qərbin müdaxiləsi üçün zəmin hazırlayır, onun hədəfi budur. Onlar yalandan iddia edirlər ki, Türkiyə Azərbaycana muzdlular göndərib. Ancaq Suriyadan Ermənistanı dəstəkləmək üçün Dağlıq Qarabağa gələn PKK-erməni muzdlularının görüntülərini də bir erməni millət vəkili paylaşdı. Paşinyan müsahibələrindən birində “Avropadan Ermənistanda döyüşmək üçün gələn erməni könüllülər bu çərçivədə görülməməlidir”sözlərini qeyd edib. Bu və buna bənzər dəlillər beynəlxalq məhkəmələrə və qurumlara və dünya ictimai rəyinə təqdim edilməlidir”.

Akqabay Mıradov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/333042.html