Zoopsixoloqlar: Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər

 19:09 25.10.2020     53

Zoopsixoloqlar Uqandanın Kibale milli parkında yaşlı şimpanzelər üzərində müşahidə aparan zaman müəyyən ediblər ki, bu heyvanlar özlərinə dostu yaşlı insanlar kimi eyni prinsiplər əsasında seçir. Tədqiqatın nəticələri "Science" jurnalında dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, Harvard Universitetinin professoru Riçard Renqemin sözlərinə görə, şimpanzelər ağıllı heyvan olsalar da, onlar həyatın sonlu olduğunu dərk etmir. Ehtimal ki, onların şüurunda hansısa digər proseslər gedir. Həmin proseslər şimpanzenin qocalıq çağında ətrafındakılarla daha pozitiv münasibətdə olmasının səbəbini aydınlaşdırır.

Son bir neçə ildə neyrofizioloqlar və zoopsixoloqlar tipik insan intellektinə və bacarığına xas olan emosiyaların digər canlılar, o cümlədən itlər, primatlar, hətta qarğalar üçün xarakterik olduğu qənaətinə gəliblər. Məsələn, bir neçə il əvvəl alimlər müəyyənləşdiriblər ki, itlər diqqət cəlb etmək və pozitiv emosiya almaq üçün insanlarla ünsiyyətdə olur. Onlar sahiblərinin intonasiyasını və sözlərinin mənasını anlayırlar. Zooloqlar bənzər halı atlarda, habelə donuzlarda və keçilərdə müşahidə ediblər.

Renqem və onun həmkarları şimpanzenin insanlara yaxın olmasına dair daha bir cəhəti kəşf ediblər. Alimlər 20 il ərzində Uqandanın qərbində yerləşən Kibale milli parkında iyirmidən çox erkək şimpanze üzərində müşahidə aparıblar. Onlar ümumilikdə primatların bir-biri ilə ünsiyyətini, münasibətlərini, sosial vərdişlərini müşahidə ediblər. Şimpanzelərin arasında yaşı 15, habelə 40-dan çox olan da var.

Müəyyən edilib ki, yaşlı və cavan şimpanzelər tanışları və dostları ilə fərqli ünsiyyətdə olur. Cavanlarda ünsiyyət dairəsi kifayət qədər geniş olub, onlar qarşı tərəfdən analoji münasibət gözləmədən həmcinslərinə tez-tez diqqət göstəriblər. Lakin yaşlı meymunlarda "dostlar" daha az olub və şimpanzelər onlarla daha isti münasibətdə olub. Bu, onların bir çox davranışında özünü göstərib: yaşlı meymunlar tez-tez və uzun müddət ərzində bir-birinə qulluq edib, o cümlədən bir-birinin dərisini parazitlərdən təmizləyib, digər meymunlarla görüşərkən bir-birinin yanında oturmağa üstünlük verib. Bundan başqa, onlar konfliktə daha az gediblər. Renqem və həmkarlarının sözlərinə görə, bu baxımdan şimpanze faktiki olaraq insandan seçilmir. İnsanlar da yaş artdıqca özlərinə dost seçəndə həssas olur, habelə onunla maksimum müsbət davranırlar.

Hələ ki alimlər insan və şimpanzenin psixologiyası arasında ümumi neyrofizioloji və genetik əsasın olub-olmadığını dəqiq söyləyə bilmirlər. Onlar meymunların sosial davranışına dair gələcək tədqiqatlarında bu suallara cavab tapmağa ümid bəsləyirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/892049.html