"Rusiya bizim rəyimizi nəzərə alır" - Elxan Şahinoğlu

 15:43 30.10.2020     33

"Peskov ilk dəfə deyil ki, belə bir açıqlama verir".

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Vladimir Putin açıq dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır:

"Ermənilər məğlubiyyətləri qarşısında yalvarırlar ki, Rusiya sülhməramlıları gəlsin. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qəti bir fikri var, yəni, bu məsələ indiki müzakirə mövzusu deyil. Onlar harada yerləşdiriləcəklər, funksiyaları nə olacaq? Bütün bu suallar açıq qaldığına görə, sülhməramlıların yerləşdirilməsi mümkün deyil. Peskov da artıq neçənci dəfədir Paşinyana başa salmağa çalışır ki, tərəflərin hər ikisi bu məsələdə razılıq verməlidir. Tək Ermənistanın istəyi ilə deyil, Azərbaycanın da istəyi nəzərə alınmalıdır. Məsəl üçün, biz istəyirik ki, Türkiyə danışıqlarda iştirak etsin, Ermənistan deyir olmaz, qəti əleyhinədir. Yəni, sən bunu deyirsənsə, biz də deyirik ki, sülhməramlılar olmasın. Rusiya da bizim rəyimizi nəzərə alır. Rusiya nəinki bizim rəyimizi nəzərə alır, Vladimir Putin dünən açıq dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Orada Azərbaycanın suverenliyi bərpa edildikdən sonra təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparmaq olar".

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan "The Daily Telegraph" qəzetinə müsahibəsində "Rusiya sülhməramlılarının yerləşdirilməsi Dağlıq Qarabağdakı münaqişənin "optimal həlli" ola bilər" deyib. Onun bu açıqlamasına Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov istənilən sülhməramlıların münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirildiyini bildirərək reaksiya verib.

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893529.html