“Golden Globes-2020” mükafatlarına namizədlərin adları elan edildi

 19:35 09.12.2019     63

Nüfuzlu “Golden Globes-2020” mükafatlarına namizədlərin adları elan edilib. Hollivudda akkreditasiya olunmuş jurnalistlər Assosiasiyasının bu mötəbər mükafatlarının qaliblərinin təqdimatı mərasimi yanvarın 5-də Kaliforniya ştatındakı Beverli-Hillsdə keçiriləcək. Mərasimi beşinci dəfə dalbadal britaniyalı aktyor Riki Cerveys aparacaq.

Publika.az xəbər verir ki, ən yaxşı filmlərə namizəd göstərilən ekran əsərləri arasında məşhur kinorejissorlar Kventin Tarantino, Martin Skorseze, Todd Fillips, Sem Mendesin 2019-cu ildə istehsal olunmuş filmləri var. Bundan başqa, Çin mənşəli Amerika rejissoru Lulu Vanqın, fransız rejissoru Laca Linin, ispaniyalı Pedro Almodovaranın, Cənubi Koreya kinorejissoru Pon Çjun Honun filmləri “ən yaxşı xarici ölkə filmi” nominasiyasında namizəd göstəriliblər.

“Ən yaxşı teleseriallar” nominasiyasında isə “Çernobıl” filmi mükafata ən iddialı ekran əsəri kimi göstərilir.

“Ən yaxşı aktyor” nominasiyasında Hollivudun ulduzları Eddi Mörfi, Leonardo Di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.

“Ən yaxşı aktrisa” nominasiyasında Cennifer Lopes, Keti Beyts, Annet Beninq, Lora Dörn, Sirşa Ronan və Rene Zellveqerin namizədlikləri irəli sürülüb.


Xəbərin mənbəyi: https://publika.az/news/magazin2/298609.html