Səfirimizin bu sözləri niyə qalmaqal yaratdı? – Video

 21:28 21.11.2020     48

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Svoboda slova” verilişinə açıqlaması birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Elmira Axundovanın Qələbəni yalnız Azərbaycanın özünün qazandığını deməsi, “Hansısa Türkiyə və ya Rusiyanın” yardım etmədiyini bildirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Maraqlıdır ki, səfirin “Hansısa Türkiyə və ya Rusiya” ifadəsindən də “Rusiya” sözü çıxarılıb və bu ifadənin birbaşa Türkiyəyə aid edildiyi vurğulanmaqla, onun ciddi siyasi yanlışlığa yol verdiyi hallandırılmaqdadır.

Bəs, əslində səfir verilişdə nə deyib?

Mətni olduğu kimi təqdim edək:

“Bilirsiniz, xalq öz işğal altında olan torpaqlarını düşmən tapdağından azad etmək istəyirsə, buna uzun və əsaslı şəkildə hazırlamalıdır. Biz bütün bu illər ərzində həm texnoloji, həm hərbi, həm də siyasi cəhətdən müharibəyə hazırlaşırdıq və bu heç kəsə gizli deyi. Ən başlıcası isə biz iqtisadi cəhətdən möhkəmlənirdik. Yalnız sabit iqtisadiyyata və güclü orduya sahib olan ölkə bu cür qısa müddət ərzində (44 gün — red.) müharibəni qazana bilər. Unutmayın ki, bu illər ərzində Ermənistan əlini əlinin üzərinə qoyub oturmayıb. Ermənilər ən azından 5 rayonu boşaltmağa hazır olduqlarını bildirsələr də, biz paradoksal mənzərə ilə qarşılaşırıq — onların yaratdıqları çox sayıda blindajlar, yeraltı keçidlər, minalanmış tarlalar və s. Bütün bunlar nəyə lazım idi? Madam ki, ermənilər bizə o əraziləri geri qaytarmağa hazırlaşırdılar, nəyə lazım idi bu həngamə?

Azərbaycanın çağırdığı sülh danışıqlarına qoşulmaq üçün dəfələrlə şans yaranıb və siz bunu çox gözəl bilirsiniz. Daha sərfəli şərtlərdə sülh imzalamaq əvəzinə ermənilərin başı blindajları, minalanmış tarlaları qurmağa və Azərbaycan ərazisində olan hər şeyi məhv etməyə qarışmışdı. 26 il öncə xalqımız öz torpaqları gözəl və çiçəklənən vəziyyətdə qoyub. Ağdam, Füzuli və bu kimi şəhərlərimiz muzeylər, mədəniyyət abidələri, məbədlərlə zəngin idi. Bu gün isə bütün bunların əksini görəndə, özünü “ən qədim” millət kimi tanıdan varlıqların torpaqlarımızda olan hər şeyin 99 faizini necə məhv etdiyi görürük. Axı buna nə ad vermək olar?

Biz çiçəklənən, daim inkişaf edən, güclü ölkəyik və məhz birliyimiz sayəsində düşmənə qalib gəldik. Nə Türkiyə, nə də Rusiya, bunu biz özümüz bacardıq, bizim ordumuz, bizim əsgərimiz!"

Türkiyə, əlbəttə, Azərbaycana misilsiz mənəvi-siyasi dəstək göstərir və qardaş ölkənin bu siyasi dəstəyi olmasa, həddən artıq böyük siyasi təzyiqlərin öhdəsindən gəlmək çətin olardı. Ancaq erməni siyasətçiləri və təbliğatçıları Türkiyənin bu savaşda hərbi baxımdan iştirakını, hətta türk kommandosların birbaşa savaşa girdiyini iddia etməyə çalışır. Bu baxımdan “Nə Türkiyə, nə də Rusiya, bunu biz özümüz bacardıq, bizim ordumuz, bizim əsgərimiz” sözləri ilə Türkiyənin Vətən müharibəmizdə hərbi iştirakının təkzib edilməsi istəyi anlaşılandır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/517563.html